AZ

ADA Universitetində ilk dəfə magistratura pilləsi üzrə hüquq ixtisası tədris olunacaq

ADA Universitetində ilk dəfə magistratura pilləsi üzrə hüquq ixtisası tədris olunacaq.

“İki sahil” xəbər verir ki, hüquqşünaslıq üzrə magistratura proqramı ADA Universitetində təşkil olunmuş tədbirdə təqdim edilib.

Universitetin hüquq fakültəsinin dekan müavini dr. Cavid Qədirov çıxışında bildirib ki, ölkəmizin hüquq, biznes və texnologiya sahələrində inkişaf edən mərkəzə çevrilməsi ilə müasir standartlara cavab verən hüquqşünaslara tələbat artması məqsədilə “LL.M” proqramı tələbələri dövlət və özəl sektorda, həmçinin beynəlxalq şirkətlərdə uğurlu və rəqabətədavamlı karyera yolunda hazırlamaq üçün beynəlxalq təhsil təcrübələri əsasında hazırlanmış təhsil proqramıdır.

Ədliyyə naziri Fərid Əhmədov çıxışı zamanı deyib ki, hüquqda milli kimliyin formalaşmasında ADA Universitetində təqdim olunan hüquq üzrə magistr proqramı təhsil kontekstində ilk addımdır:

“Bir neçə il əvvəl eyni məkanda hüquq üzrə bakalavr proqramının açılışına toplaşmışdıq və sevindirici haldır ki, qısa müddət sonra hüquq üzrə magistr proqramı ərsəyə gəldi”.

Nazir qeyd edib ki, ölkəmizdə hüquq peşəsi məslək kimi inkişaf edib: “Məslək olaraq hüquq peşəsini mənimsəmiş xeyli sayda peşəkar hüquqşünas var. ADA Universitetində hüquq üzrə magistr proqramının təqdim olunması bu istiqamətdə uğurlu addımdır. Bir neçə müddətdir, hibrid xarici təsirlərlə yanaşı, Azərbaycanda hüquq sferasında milli kimlik formalaşmağa başlayıb. Hüquqda milli kimliyin formalaşmasında alimlərin fəaliyyəti mühüm rol oynayır. Bu nöqteyi-nəzərdən hüquqda milli kimliyin formalaşmasında ADA Universitetində təqdim olunan hüquq üzrə magistr proqramı təhsil kontekstində ilk addımdır. Biz digər universitetlərin hüquq fakültələri ilə yanaşı, daima ADA Universitetinə dəstək olmağa hazırıq”.

Qeyd edək ki, “LL.M” proqramı hüququn biznes, dövlət siyasəti və texnologiya ilə kəsişməsindən yaranan çağırışlara fokuslanaraq hüquqşünasların bilik, bacarıq və vərdişlərini inkişaf etdirməyi, onlara yerli və qlobal səviyyədə fundamental hüquqi problemlərin həllində analitik və innovativ yanaşmaları öyrətməyi hədəfləyib.

Magistr proqramı 1 yay semestri daxil olmaqla, 5 semestri əhatə edəcək. Dərslər həftədə 3 dəfə keçiriləcək. Tələbələr əsas və seçmə fənlər üzrə 96 kredit tamamlayaraq ya magistr dissertasiyası (dərin müstəqil tədqiqat üzərində fokuslanmış), ya da "Capstone" layihəsi (praktiki, real hüquqi problemlərə yönəlmiş) ilə magistr proqramını başa vuracaqlar.

Müasir dünyada hüquqşünaslıq peşəsi transmilli xarakter qazandığı üçün “LL.M” proqramı həm Azərbaycan, həm də ingilis dilində keçiriləcək. Bu səbəbdən, proqramda iştirak etmək istəyən tələbələr hər iki dildə səlis danışıq nümayiş etdirməlidirlər.

Hüquq üzrə bakalavr təhsilini minimum 3 GPA ilə bitirən namizədlər “LL.M”proqramına müraciət edə bilərlər. Əlavə təhsil göstəriciləri, həmçinin əhəmiyyətli iş və ya tədqiqat təcrübəsinə malik olan namizədlərə istisnalar tətbiq edilə bilər.

Namizədlərdən IELTS (min. 6.5) və ya ingilis dili biliyini sübut edən ekvivalent imtahan nəticəsi təqdim etmələri tələb olunur. “LL.M” proqramına qəbul 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə ADA Universitetinin magistr qəbulu portalı üzrə tələbələrin təmin edilməsi vacibdir. İkinci mərhələdə müsahibə – ilkin seçim prosesindən uğur qazanmış namizədlər ADA Universitetinin Qəbul komitəsi ilə müsahibəyə dəvət olunurlar.

Təhsil haqqı Azərbaycan Respublikasının vətəndaşları üçün illik 8.500, əcnəbilər üçün 10.500 manat olacaq.

Seçilən
19
5
ikisahil.az

6Mənbələr