AZ

Təhdid və təhlükələr arta bilər: Fransa Ermənistanı sülhün əksi yönündə cəsarətlindirir

Dekabrın 15-də Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya işgüzar səfərə gedib. S.Papikyan Parisdə Fransa prezidentinin hərbi məsələlər üzrə müşaviri Fabien Mandon ilə hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Görüşdə həmçinin hərbi təhsil, tədris proqramları, hərbi sahədə əməkdaşlığa dair məsləhətləşmələrin keçirilməsi, eləcə də hərbi-texniki xarakterli məsələlər də diqqət mərkəzində olub. Xatırladaq ki, bir neçə gün əvvəl Papikyan ABŞ-yə də səfər etmiş, bir sıra şəxslərlə görüşlər keçirmişdi. Ekspertlərin sözlərinə görə, bir ölkənin müdafiə naziri il ərzində başqa ölkəyə dəfələrlə səfər edirsə, deməli həmin ölkədən hərbi texnika almağa çalışır. Fransa Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə və bu ölkəyə hərbi texnika, o cümlədən raket sistemləri verməyə hazırdır. Ermənistan hökuməti də bunu istəyir, ancaq İrəvan Rusiyadan tam qopa bilməyib. Vaşinqton və Paris Ermənistanla hərbi sahədə əməkdaşlıq edərkən, İrəvanın Rusiyadan nə qədər uzaqlaşa bildiyini aydınlaşdırmağa çalışırlar. 

Hərbi ekspert Elxan Şıxaliyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın müdafiə naziri öz heyəti ilə bir neçə dəfə Fransaya səfər edib. Ekspert bildirib ki, Ermənistan və Fransa arasında hərbi əməkdaşlıq və hərbi müttəfiqliyə dair müqavilə də imzalanıb:

 "Fransa məhz həmin sazişlərə istinad edərək Ermənistanın silahlanmasını, hərbi əlaqələrin dərinləşdirilməsini həyata keçirir. Ermənistanın Avropa İttifaqı adına silahlanmasının əsas moderatoru Fransadır. Fransadan Ermənistana daxil olan hərbi texnikanın sayı kifayət qədər çoxdur. İndiyədək “Caesar” özüyeriyən haubitsaların, "Bastion" zirehli texnikalarının, tank əleyhinə sistemlərin və digər hərbi avadanlıqların Ermənistana verilməsi reallaşdırılıb. Nazirin səfər və görüşlərində Ermənistanın Fransadan başqa hansı hərbi texnikaları əldə edə biləcəyi məsələsi müzakirə edilir. Həmçinin, Ermənistanın silahlı qüvvələrinin kadr və zabit heyətinin ixtisaslaşması, təlimləri, hərbi təhsili Fransanın hərbi mərkəzlərində həyata keçiriləcək. Ermənistan Müdafiə Nazirliyində fransız general məşvərətçi olaraq vəzifələndirilib. O, hərbi texniki yardım və hərbi məsləhətləşmələr həyata keçirir". 

E.Şıxalıyev qeyd edib ki, Fransanın erməniləri silahlandırmasında, hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsinin məqsəd Cənubi Qafqazda yenidən mümkün ola biləcək münaqişələrdə Ermənistanı daha güclü hala gətirilməsidir:
 "Əgər silahlanma varsa, yəni təkcə Fransa deyil, Hindistan kimi başqa ölkələr də Ermənistanı silahlandırırsa, bunun müəyyən məqsədlərə xidmət etdiyi aydındır. Ermənistan çox sürətlə silahlanır. Ermənistan 2024-ci il büdcəsində hərbi xərcləri 46 faiz artırmış, silahlanmaya 2 milyard dollara yaxın vəsait sərf etmişdilər. 2025-ci ildə də hərbi xərcləri 20 faiz artırmağı planlaşdırırlar. Ermənistan sürətli silahlanmanı hərbi-texniki arsenalın təminatı üzərindən aparır. İrəvan hökuməti bunu özünün müdafiə qabiliyyətini artırmaqla əsaslandırmağa çalışsa da, alınan silahların içərisində Azərbaycanı təhdid edə biləcək artilleriya və raket sistemlərinin, hava hücumundan müdafiə sistemlərinin olduğunu görürük. Xüsusən, həmin silahların taktiki xüsusiyyətlərinə görə, Azərbaycan ərazilərinə 25 kmilometdən 60  kmilometrə  qədər dərinlikdə zərbələr endirmək imkanına sahib olduğunu görürük. Sonrakı mərhələdə isə ermənilər əldə edəcəkləri raket sistemləri 500 kilometrədək dərinlikdə Azərbaycana zərbə endirə biləcək silahlara malik olacaqlar. Azərbaycanın gözləntisi sülh sazişinin imzalanması yönündə olsa da, görürük ki, Fransa Ermənistanı sülhün əksi yönündə cəsarətlindirir. Təhdid və təhlükələr arta bilər. Zəngəzur dəhlizinin açılması Fransanın maraqlarına cavab vermir və ona görə də İrəvanı təhrik edir. Bu da yeni münaqişə vəziyyətinin yaranması planlarından xəbər verir". 

Seçilən
40
sherg.az

1Mənbələr