Ermənistanda hərbi quruculuq siyasətinə ciddi məhdudiyyətlər qoyulmalıdır.
Publika.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Analitik Fransa və Hindistandan hücum silahları alan Ermənistanın yeni müharibəyə hazırlaşdığını bildirib:
“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır və Fransa, Hindistan kimi dövlət tərəfindən müasir hücum silahları ilə ciddi şəkildə təchiz olunur. Üstəlik, Ermənistanın vaxtilə Xankəndində yaratdığı ləğv edilmiş işğalçı xuntanın strukturları İrəvanda fəaliyyətlərini davam etdirir. Təsadüfi deyil ki, dekabrın 10-da “Artsax parlamenti” BMT və bu beynəlxalq təşkilata üzv dövlətlərə “çağırış” ünvanlayıb.
Sadə dillə desək, Samvel Şahramanyanın keçmiş xuntanın buraxılması haqqında “fərman”ı kağız üzərində saxlanılır, Ermənistan bunu həyata keçirmək niyyətində deyil və işğalçı rejimin strukturlarını işlək vəziyyətdə saxlamağa çalışır.
Belə olan təqdirdə, istisna etmirəm ki, 2025-ci ildə danışıqlar prossesində Azərbaycanın tələbləri siyahısına daha bir bölmə əlavə ediləcək. Ən azı Göyçə gölündən şərti sərhədlərə qədər və Zəngəzurda 40 kilometrlik ərazidə bu dövlətin hücum xarakterli silahları yığışdırılmalıdır, demilitarizasiya həyata keçirilməlidir.
Fransa kimi dövlətlər bizə qarşı düşmən mövqedə duraraq, hərbçilərimizin qarşısında hücum xarakterli ölümcül raketlər yerləşdirir, beləliklə, yeni müharibəyə hazırlaşdıqlarını açıq şəkildə göstərirlər”.