“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın cari mövsüm İngiltərə çempionluğu imkanları ilə bağlı sualı cavablayıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, italyan çalışdırıcının bu barədə cavabını təqdim edir:
“Mənə görə, biz hazır deyilik. Əlbəttə, qənimət haqda danışmaq olar, azarkeşlər də bu barədə xəyal edə bilərlər… Əgər məndən soruşursunuzsa, mən də öz fikrimi deyirəm. Biz hazır deyilik, amma azarkeşlərin bunu arzulaya bilməsi bizi sevindirir”, deyə Mareska vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl də, “Çelsi” hələ sürət yığmağa başlayanda, Mareska müvafiq suala elə, oxşar səpgidə cavabı ilə diqqət çəkmişdi.
“Çelsi” 16 oyundan 34 xalla Premyer Liqanın yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Digər rəqiblərinin çətinlikləri və fəsadları mənzərəsində “Çelsi” inamlı oyunu, məşqçi işi, geniş ehtiyat oyunçular heyəti və işə peşəkar yanaşma sayəsində bu pilləyə yüksəlib. Bununla belə, Entso Mareska hələ də ehtiyat edir və “arxı keçməmiş “hop” deməkdən çəkinir.
İngiltərə Premyer Liqasına isə 15 oyundan 36 xalla “Liverpul” başçılıq edir.