Bu il fiziki və hüquqi şəxslərə məxsus 93 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb.
Avtosfer.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə keçirilən iclasda deyib.
O bildirib ki, gəmi sahiblərinin müraciətinə əsasən 1977 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib:
"Təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 2890 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2964 müəssisədə 37 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib, həmçinin 4800 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb.
Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 256 nəzarət-yoxlama tədbiri, eyni zamanda radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 95 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib".