Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 22 noyabr 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə baş verib.
Ramal Elbrusun evinə qonaq gəlmiş kürəkəninin evin qarşısında - küçədə saxladığı “Renault Megane” markalı nişanlı avtomobili kənara çəkməməsi səbəbindən onunla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zamanı Elbrusun onun ünvanına nalayiq ifadə işlətdiyinə görə əynində olan gödəkçənin sağ yan cibindən çıxartdığı istintaqa məlum olmayan bıçaqla qəsdən həmin vaxt hadisə yerinə gələn və həmin mübahisəyə müdaxilə etmək istəyən Elbrusun oğlu Zaurun bədəninin sol kürək nahiyəsinə bir dəfə vurub. Həmçinin Elbrusa da xəsarət yetirib.
Hadisəni törədən Ramalın barəsində Cinayət Məcəlləsinin 1266.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü evdə oturan zaman təzə köçmüş qonşuları onu çağırıb və çöldə olan avtomobilin kimə məxsus olduğunu soruşub: “Mən avtomobilə baxmaq üçün çölə çıxdım. Amma avtomobilin kimə məxsus olduğunu bilmədim. Həmin vaxt mən qonşum Elbrus kişini gördüm və ondan avtomobilin kimə məxsus olduğunu soruşdum. Elbrus isə avtomobilin sahibini tanımadığımı bildirdim. Daha sonra Elbrusgilin evindən qonaqlar çıxdı və avtomobilin onlara məxsus olduğunu bildirdilər. Məhz bu səbəbdən avtomobilin parklanması səbəbindən mənimlə Elbrusun arasında mübahisə yarandı və ona bıçaqla vurdum. Daha sonra Elbrusun oğlu Zaur mübahisəyə daxil oldu. Zaura da bıçaqla xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Elbrus hadisədən 2-3 gün əvvəl tanıyıb: “Elbrus məhəllədə ailəsi ilə kirayədə qalıb. Elbrus mənimlə kobud rəftar etdi, məni təhqir etdi. Hadisə vaxtı bıçaq mənim gödəkcəmin iç cibində olub. İşim ilə əlaqədar həmin bıçağı həmişə cibimdə saxlamışam. Elbrus mənim üzərimə gəldi. Mən bıçaqla Elbrusa xəsarət yetirmişəm. Daha sonra Zaur mənə dırmıqla vurduğu üçün ona da bıçaqla xəsarət yetirmişəm. Mən hazırda zərərçəkmişlərlə barışmışam”.
İş üzrə zərərçəkmiş Zaurun sözlərinə görə, hadisə günü axşam saat 11 radələrində işdən evə gəlib və həmin vaxt evlərində qonaqlar olub: “Mən yemək yeyən zaman qapı bərkdən döyüldü və atam çölə çıxdı. Daha sonra mən də atamın arxasınca getdim, səs-küy gəldiyini eşitdim. Atam mənə içəri keçməyimi söylədi. Biz çıxan zaman Ramalın bıçaq çıxardığını və daha sonra bıçağı qatlayaraq cibinə qoyduğunu gördüm. Biz içəri girdik, amma qapının ağzında dayanaraq atamgilə baxdım. Ramalın bıçaqla atama vurduğunu gördüm. Daha sonra mən taxta süpürgəni götürərək Ramalın üzərinə getdim. Ramal mənim də kürəyimdən bıçaqla vurdu”.
İş üzrə zərərçəkmiş Elbrusun sözlərinə görə, 3 ay idi Ramalgilin məhəlləsinə köçüb və orada ailəsi ilə birlikdə kirayədə yaşayıb: “Hadisə gününün səhəri günü biz Binə qəsəbəsində yasa getməli idim. Bu səbəblə qızım, kürəkənim və bacım bizə gəldi. Gecə saat 12 radələrində qapı bərkdən döyüldü. Mən qapını açdım və qonşu kimi tanıyıb salamlaşdığım Ramalı gördüm. Ramal avtomobil göstərərək həmin avtomobilin kimə məxsus olduğunu soruşdum. Həmin vaxt çöldə 3 avtomobil olub. Mən avtomobilin sahibini tanımadığımı bildirdim. Daha sonra avtomobilin kürəkənimə məxsus olduğunu düşündüm və kürəkənimi çağırdım. Ramal həmin vaxt içkili olub və mənə kirayədə yaşadığımız üçün məhəllədə avtomobil saxlamaq ixtiyarlarının olmadığını bildirdi. Mən kürəkənimin avtomobili çıxaracağını və qonşunun orada saxlaya biləcəyini bildirdim. Amma Ramal mənimlə kobud tonda danışmağa davam etdi. Mən Ramaldan onunla kobud danışmağının səbəbini soruşdum. Ramal isə mənə “gəl gedək səni başa salım” dedi. Biz kənara çəkilən zaman Ramal cibindən bıçaq çıxardı. Həmin vaxt mənim kürəkənim, oğlum, yoldaşım, bacım və qızım çölə çıxdı. Ramal bıçağı bükərək cibinə qoydu. Mən isə ailə üzvlərimi geri qaytardım. Daha sonra Ramal bıçağı təzədən çıxararaq bizim ünvanımıza nalayiq ifadələr işlətdi. Mən Ramala yaxınlaşaraq nə səbəbə söyüş söydüyünü soruşdum. Bu zaman Ramal bıçaqla mənim ayağıma vurdu. Daha sonra oğlum Zaur qapının ağzında olan taxta süpürgəni götürərək bıçağı almaq məqsədi ilə Ramalın üzərinə gəldi. Həmin vaxt Ramal Zaurun kürəyindən bıçaqla vurdu. Kürəkənlərim bizi xəstəxanaya çatdırdı”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən zərərçəkmişlərin təqsirləndirilən şəxslə barışması nəzərə alınıb. Bu səbəbdən Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə həmin məcəlləsinin 73.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunub.
Hökmə əsasən Ramal Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib. Ramal 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az