AZ

Azərbaycanlıların Türkiyəyə axını gözlənilir? – səbəb

Türkiyədə mənzil bazarında durğunluq yaranıb. Buna suriyalıların kütləvi şəkildə ölkələrinə köçü səbəb olub. Deyilənə görə, mənzil satışı, kirayəsi ucuzlaşıb. Paytaxt Bakı daxil, böyük şəhərlərdə isə kirayə və satış qiymətində artım müşahidə olunur.

Azərbaycanlılar kütləvi şəkildə Türkiyədəki bu fürsətdən istifadə edə bilərmi?

Editor.az xəbər verir ki, globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, hazırda mənzil bazarında nisbi qiymət artımları müşahidə olunur.

Onun sözlərinə görə, bahalaşma əvvəlki illərdə olduğu kimi dinamik deyil:

“Lakin artımlar, meyllər müşahidə olunur. Bakıda kirayə mənzilə olan tələb təklifi kəskin üstələdiyi üçün demək olar ki, il ərzində qiymət artımları davam etməkdədir. Üstəgəl, müəyyən ərazilər üzrə pilot layihələrin icrası zamanı meydana gələn süni tələbin yaradılması, yəni söküntü nəticəsində birdən-birə 300-500 ailənin kirayə mənzil axtarması da tələb formalşadırmış olur. Bu da bir tərəfdən qiymətə təsir göstərir. Hazırda Azərbaycan bazarında istər satış, istərsə də kirayə qiymətlərində artımlar müşahidə olunur”.

R.Osmanlı Türkiyə bazarında baş verən tendensiyaların Azərbaycana təsiri haqda danışıb:

“Türkiyədən suriyalıların öz ölkələrinə qayıtması tendensiyası yeni başlayıb və rəqəmlər olduqca aşağıdır. Gün ərzində təqribən 100-200 nəfər ölkəsinə qayıdır. Bu tendensiyanın qısa müddətdə bazarda əhəmiyyətli dərəcədə qiymət azalmasına gətirib çıxarmasını söyləmək ehtimala söykənən yanaşmadır.

Sosial şəbəkələrdə də buna bənzər proqnozlar var. Ola bilsin ki, məsələn, Türkiyədə olan suriyalıların 20 faizi geri döndükdən sonra kəskin düşüş müşahidə edilsin. Amma hələ ki, belə bir hal real görünmür. Fikrimcə, tendensiyanın Azərbaycan bazarına təsiri o qədər də aktual deyil. Bizim üçün daha çox aktual olan regionda, xüsusilə də İran ətrafında baş verən hadisələrin Azərbaycan daşınmaz əmlak bazarına təsiri ilə bağlı ola bilər ki, bu da hələ müşahidə olunmur. Əgər İran üzərində hansısa bir ehtimal yaranarsa, hərbi təsirlər, müharibə və s. məsələlər olarsa, düşünürəm, bu, bizim bazara təsir göstərə bilər. Lakin dediyimiz istiqamətdə ciddi bir dəyişiklik yoxdur”.

Əmlakçı quru sərhədlərin bağlı olması məsələsinə toxunub:

“Hesab edirəm ki, quru sərhədlərimiz bağlı olduğu üçün təsirləri xeyli dərəcədə azalda bilirik. Yaxın gələcəkdə nə baş verəcək, bilmirik. Bunu indidən proqnozlaşdırmaq tezdir. Çünki Azərbaycan bazarının tutumu olduqca məhduddur. Bu bazara Rusiya, İran, Türkiyə kimi ölkələrdən cüzi pul axınları baş verdikdə belə Azərbaycan bazarında əhəmiyyətli qiymət dəyişikliyi qeydə alınır. Amma hələ ki, bu da müşahidə olunmur”.

Ramil Osmanlı azərbaycanlıların Türkiyə bazarında baş verə biləcək qiymət azalmasından istifadə edərək, ora investisiya yatırması məsələsinə də aydınlıq gətirib:

“Azərbaycanlıların Türkiyə bazarına investisiya yatırmasını hər halda hadisələrin gedişi göstərəcək. Fürsətdən istifadə edənlərin olmasını və ya ola biləcəyini düşünmürəm. Olsa da bu, kütləvi xarakter almayacaq. Mümkündür ki, investisiya məsələsində ötən illə müqayisədə 10-15 faiz artım qeydə alınar. Amma azərbaycanlıların böyük hissəsinin Türkiyə bazarından əmlak alması məsələsi bir az inandırıcı görünmür”.

Seçilən
33
6
editor.az

7Mənbələr