AZ

İranın nüvə obyekləri VURULACAQ: Yeni ilin ilk saatlarında... SENSASİYA!

Trampdan Tehrana “qara yanvar” vədi; siyasi şərhçilər deyir ki, hücum yeni ilin ilk saatlarında da mümkündür, amma bu, görünməyən bir fəlakət girdabı yarada bilər

ABŞ-ın yeni prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədilə onun nüvə obyektlərinə qarşı qabaqlayıcı hava hücumlarına icazə verə bilər. Bu barədə “Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Trampın komandası güclü iqtisadi sanksiyalarla yanaşı, hərbi güc və ya hərbi təhdiddən istifadə etməklə İranı çəkindirmək və nüvə proqramını pozmaq üçün maksimum təzyiq strategiyasını hazırlayır.

Tramp ilk iqtidarı dövründə Tehrana qarşı hərbi gücdən qaçmağı seçsə də, hesabatda qeyd olunur ki, bu dəfə Yaxın Şərqdəki dramatik dəyişikliklər, xüsusən də son aylarda “Hizbullah”ın İsraillə savaşda ciddi itkilər yaşaması və Suriya lideri Bəşər Əsədin devrilməsi fonunda bu mövqeyini yenidən nəzərdən keçirir.

Planla tanış olan mənbələr ABŞ nəşrinə deyiblər ki, Tehranı çəkindirmək, hərbi təzyiqdən istifadə üçün müxtəlif yollar var. Variantlardan birinə görə, ABŞ bu məqsədlə bölgəyə daha çox qüvvə, gəmi və döyüş təyyarəsi göndərə, İsrailin hücum imkanlarını gücləndirə bilər. Mənbələrin fikrincə, iqtisadi sanksiyalarla birləşən bu addımlar İranı çəkindirəcək. Bu plan uğursuz olarsa, ABŞ daha döyüşkən mövqe tuta və birbaşa hərbi güc tətbiq etməklə İranı hədələyə bilər.

Materialda qeyd edilir ki, strategiya hələ yekunlaşdırılmayıb, Trampın yanvarda Ağ Evə ikinci qayıdışına qədər dəyişə bilər.

İranın nüvə obyektlərinin vurulması bölgəyə, Azərbaycana hansı neqativ təsirlər və nəticələr vəd edir?

Xatırladaq ki, Bayden Netanyahunu bundan çəkindirə bilmişdi. Bəs İranın cavabı? O halda Azərbaycan hansı risklə üzləşə bilər?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da cənub qonşumuz üçün həyəcan təbili çaldı: “Qərbin İrana və Rusiyaya tətbiq etdiyi sanksiyalarla bu ölkələrin baxışlarının dəyişəcəyinə inanmaq ağılsızlıqdır. Təcrübə göstərdi ki, nefti və qazı olan hər iki ölkə çoxsaylı sanksiyalar "burulğanında" boğulmurlar, sadəcə, üzürlər. Bu gün İran da, Rusiya da öz neftini, qazını xaricə satır. Bu səbəbdən sanksiyaların İranı durduracağı kimi yanaşım ciddi görünmür. İranı nüvə silahını hazırlamaq planından daşındıra biləcək yeganə yol hərbi gücün tətbiqidir. Və hesab edirəm ki, ABŞ başda olmaqla, Qərb İsrailin əli ilə İranın nüvə obyektlərini tam məhv edəcək bir hücum əməliyyatı hazırlayır. Məqsəd yalnız deyilən hədəfləri vurmaqdır. Paralel olaraq Qərb İranın daxildən yenidən coşmasına xidmət edəcək addımlar atmağa rəvac verəcəkdir. İsrailin baş naziri Benjamin Netanyahunun bu yaxınlarda “biz tarix boyu farslarla bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamışıq” kimi fikirləri İranda hakimiyyətdən narazı qüvvələri molla rejiminə qarşı ayağa qaldırmağa hesablanıb. Yəni İrana qarşı baş planın hədəfi İranı dağıtmaq deyil, molla rejimini daha loyal, Qərbin sözünə baxan bir hakimiyyətlə əvəzləməkdir. Qərb bu dəfə daha ustalıqla davranmaq niyyətindədir. Çünki İranı vurmaqla hədələyən kimi molla rejimi xalqı ayağa qaldırıb öz müdafiəsini təşkil edə bilir. Belə olan halda Qərbin basqıları səmərəsini itirmiş olur. 

Hesab edirəm ki, İranla bağlı məsələ öz həllini Donald Tramp Ağ Evdə kürsüyə oturana qədər tapa biləcək. Bu yerdə Amerikanın hakimiyyətdən getməyə hazırlaşan Bayden hökuməti ilə Tramp hökumətinin istəklərinin üst-üstə düşməsi də diqqətdən qaçmamalıdır".

Keçmiş millət vəkili, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Suriyadan sonrakı hədəf İraq, daha sonra İran olacaq: “Əvvəlcə İranın proksiləri İraqdan təmizlənəcək. Bundan sonra ABŞ və İsrail müharibəni İran sərhədlərinin içərisinə daşıyacaq. Hadisələrin gedişatı onu deməyə əsas verir ki, gələn ilin yanvarından etibarən Qərb koalisiyası tamamilə İrana fokslanacaq. Hazırda İran "sağ qalan" yeganə proksisi Yəməndəki husilər üzərindən oyun qurmağa və İsraillə ABŞ-a məhz bu nöqtədən təzyiq etməyə çalışır. Çox güman ki, Yəməndəki husilər Səudiyyə Ərəbistanı və onun qara gücləri vasitəsilə neytrallaşdırılacaq. Təbii ki, burada ABŞ və İsrailin də bu və ya digər formada iştirakı istisna deyil. Əgər Tehran hökuməti yırtıcı siyasətini dayandırmasa, o zaman Tramp administrasiyası daha kəskin addımlar atacaq. İran sürprizlər ölkəsidir. Bir çox eksertlər molla rejiminin artıq nüvə silahına malik olduğunu dilə gətirir. Deməli, ABŞ müəyyən kəşfiyyat məlumatlarına malikdir ki, bu cür addımlarda ehtiyatı əldən vermək istəmir. Təbii ki, Tehrandakı rejimin əsas hədəfi İsraildir və Birləşmiş Ştatlar bu qarşıdurmalarda Tel-Əvivin zərər görməsini istəmir. Çox güman ki, hava hücumlarına qədər İranın nüvə mütəxəssisləri və SEPAH-ın aparıcı generalları zərərsizləşdiriləcək. Hətta Xamneyinin fiziki məhvi də istisna deyil. ABŞ-ın İrandakı əsas hədəfləri nüvə enerjisi istehsal edən anbarları və raket sığınacaqlarıdır. ABŞ bu taktika ilə İran əhalisini də özündən narazı salmaq istəmir və çox güman ki, minimum mülki itkilərlə molla rejimini arxivə göndərməyə çalışacaq. Hətta İrana hücum yeni ilin ilk saatlarında da mümkündür. Yəni ABŞ ordusu Trampın gəlişinə qədər Baydenin imzası ilə yeni əməliyyatların düyməsini basa bilər".

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu İrana endiriləcək hər hansı bir zərbənin ciddi fəsadlara yol açacağını düşünür: “Prezident Donald Trampın İranın nüvə obyektlərinə zərbə endirməklə bağlı açıqlaması variantlardan biri kimi qeyd edilib. Yəni şəraitdən və şərtlərdən asılı olacaq. ABŞ prezidenti deyib ki, İranla müharibə etmək istəmir, amma nüvə obyektlərini vura bilərlər, İsraillə birlikdə. Məncə, hazırda ABŞ üçün İrana zərbə endirmək prioritet deyil. Çünki Yaxın Şərqdə kifayət qədər ciddi problemlər var. Livan və Fələstin müharibəsi və nəticədə xaraba qalıb, Qəzzada hələ də atəşkəs əldə olunmayıb. Suriyada üsyançılar Bəşər Əsədi devirib hakimiyyəti ələ keçiriblər. Belə bir vəziyyətdə İrana zərbə endirmək Yaxın Şərqdə dibi görünməyən bir fəlakət girdabı yarada bilər. Digər tərəfdən, düşünmürəm ki, hazırda İranla toqquşma ABŞ üçün prioritet mövzudur. İsrail bunu istəyə bilər, amma İsrailin baş nazirinin maraqları hələ ABŞ maraqları demək deyil. İrana zərbə ilk növbədə İsrailin özünü hədəfə çevirə bilər. Hansı ki, bundan əvvəl iki dəfə artıq iranlılar İsraili vurublar. Üstəlik, dediyin kimi, İrana zərbə bölgədə sonu görünməyən bir fəlakət ssenarisinə səbəb ola bilər. Əlbəttə, növbəti mərhələdə ABŞ və müttəfiqləri İrana qarşı addımlar atacaqlar. Amma bunun bu qədər tez və nüvə obyektlərinə zərbə şəklində olması ehtimalı azdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Seçilən
35
2
musavat.com

3Mənbələr