AZ

Əsəddən sonra Suriyanın nə qədər qızılının qaldığı məlum olub

Suriya Mərkəzi Bankının saxlancında təxminən 26 ton qızıl qalıb - 2011-ci ildə vətəndaş müharibəsi başlamazdan əvvəlki qədər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters-ə vəziyyətlə tanış olan dörd mənbə məlumat verib. Agentliyin hesablamalarına görə, Suriyanın qızıl ehtiyatının cari bazar qiymətləri ilə dəyəri 2.2 milyard dollar təşkil edir.

Suriya Mərkəzi Bankının məlumatlarına əsaslanan Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2011-ci ilin iyununda saxlancda 25.8 ton qiymətli metal olub. Reuters-in məlumatına görə, qarətçilər qısa müddətə Suriya Mərkəzi Bankının bəzi şöbələrinə daxil olaraq Suriya funtları oğurlayıblar (məmurların sözlərinə görə, onların bir hissəsi geri qaytarılıb), lakin əsas saxlanca çata bilməyiblər. Mənbələrdən biri deyib ki, saxlanc partlayışlardan qorunur və açılması üçün kod kombinasiyası və müxtəlif şəxslərdə ayrı-ayrılıqda saxlanılan üç açar tələb olunur.

Lakin agentliyin həmsöhbətləri qeyd edirlər ki, Suriya Mərkəzi Bankının valyuta ehtiyatları azalıb: bir mənbə onların təxminən 200 milyon dollar təşkil etdiyini deyir, digəri isə "yüz milyonlarla" olduğunu bildirib. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2010-cu ildə Suriyanın valyuta ehtiyatları 18.5 milyard dollar olub. 2011-ci ilin sonunda isə Suriya Mərkəzi Bankı 14 milyard dolları olduğu barədə hesabat verib.

Hazırkı və keçmiş Suriya məmurlarının sözlərinə görə, nağd dollar ehtiyatları, demək olar ki, tükənib, çünki keçmiş prezident Bəşər Əsədin hökuməti onlardan tez-tez ərzaq, yanacaq və silah alışının maliyyələşdirilməsi üçün istifadə edib.

Dekabrın 8-də müxalif qüvvələr Dəməşqə daxil olub və Əsədin devrildiyi barədə bəyanat veriblər. O, səlahiyyətlərini təhvil verib və ailə üzvləri ilə birlikdə Rusiyaya uçub, orada sığınacaq alıb. Onun təxliyəsini Rusiya tərəfi təşkil edib.

"Financial Times" yazırdı ki, 2018-19-cu illərdə Suriya Mərkəzi Bankı Moskvaya 100 dollar və 500 avro nominallı əsginaslarla dolu bir neçə təyyarə göndərib - ümumilikdə 250 milyon dollar məbləğində. Qəzetin məlumatına görə, bu vəsaitlər Rusiya banklarındakı hesablarda yerləşdirilib. Bundan əlavə, qəzet qeyd edirdi ki, Əsəd ailəsinin Moskvada elit daşınmaz əmlakı var. "The Wall Street Journal" xəbər verirdi ki, Əsədin anası Anisanın qardaşı oğlu Hafiz Məhlufun Moskvada "elit göydələn"lərdə 22.3 milyon dollarlıq daşınmaz əmlakı var. "Global Witness"in 2019-cu il araşdırmasına görə, ümumilikdə Məhluf ailəsi Rusiya paytaxtında təxminən 40 milyon dollarlıq elit daşınmaz əmlaka sahibdir.

Mənbə: oxu.az

Seçilən
10
6
oxu.az

10Mənbələr