AZ

İcma təqdirəlayiq hesab edir...

“BMT ekspertlərini Ermənistanda Azərbaycanofobiya problemini diqqətdə saxlamağa çağırırıq”

Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsində Ermənistanın dövri məruzəsinə dair baxışı zamanı BMT ekspertləri tərəfindən azərbaycanlıların Ermənistandan deportasiya edilməsi və bu ölkənin ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması ilə bağlı məqamlar vurğulanıb. Qərbi Azərbaycan İcması BMT ekspertləri səviyyəsində bu məqamların qabardılmasını təqdirəlayiq hesab edir.

Bununla bağlı İcmanın yaydığı bəyanatda bildirilib ki, Ermənistan nümayəndə heyətinin bu mövzuda suallara dözümsüz münasibəti, bizim üçün əziz olan Göy Məscidin Azərbaycan xalqına mənsubluğunu bir daha danması erməni cəmiyyətində dərin kök salmış Azərbaycanofobiyanın, qondarma “etnik müstəsnalıq” xəstəliyinin bariz nümunəsidir. Bu, eyni zamanda, Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə gəlişigözəl sözləri ilə tam ziddiyyət təşkil edir. “Ermənistanın işğal dönəmində Yuxarı Gövhər ağa məscidinin Azərbaycan xalqına məxsusluğunu inkar etməsi siyasəti tam uğursuzluğa düçar olduğu kimi, Göy Məscidin də Azərbaycan mənşəyini danmasının heç bir perspektivi yoxdur. Nə Ermənistan rəsmilərinin BMT kürsülərindən isterik cavabları, nə də Fransanın Ermənistandakı irqçi səfirinin gülünc tvitləri, “atmaca”ları Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini, izini silə bilməz”, deyə bəyanatda vurğulanıb.

İcma BMT Komitəsinin Ermənistana “Azərbaycan və Ermənistan kontekstində mediada və internet məkanında rəsmilərin və siyasətçilərin nifrət dolu çıxışlarından narahatlıq ifadə etməsi” ilə bağlı verdiyi tövsiyəsini Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü irqçi siyasətin BMT tərəfindən qeydə alınması kimi qiymətləndirib. Bu xüsusda, BMT ekspertlərini Ermənistanda Azərbaycanofobiya problemini diqqətdə saxlamağa, bu ölkədə medianı, internet məkanını daim monitorinq etməyə çağırılıb. “Biz, eyni zamanda, BMT-nin digər aidiyyəti qurumlarını Ermənistanla bağlı müzakirələr zamanı Qərbi azərbaycanlıların pozulmuş hüquqlarına toxunmağa və bu ədalətsizliklərin aradan qaldırılması üçün Ermənistana tövsiyələr verməyə dəvət edirik”, - deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, dekabrın 3-də BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası zamanı Ermənistan üzrə məruzəçi Yeung Sık Yuen Yeung Kam Con Komitənin bu ölkədə irqçi təşkilatları və bu təşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyin olmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrət zəminində baş vermiş cinayətlər barədə danışıb. Erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqq qazandırmaq üçün istifadə olunduğunu bildirən məruzəçi Ermənistanda etnik və milli mənsubiyyətinə görə insanlara qarşı nifrət zəminində çıxışların olduğuna diqqəti çəkib və azərbaycanlılara və türklərə qarşı da bu cür çıxışların edildiyini vurğulayıb. Eyni zamanda, Azərbaycan əsilli Gürcüstan vətəndaşının Ermənistanda təcili eniş etmiş təyyarədən enməsinə icazə verilməməsi məsələsini qaldıraraq, erməni nümayəndə heyətindən bununla bağlı açıqlama istəyib.

Bundan başqa, digər çıxış edən ekspertlər Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğu ediblər. Ermənistan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Vahan Kostanyan bu suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib, sənəddə Azərbaycanla bağlı yazılanların məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə “əlaqələndirməyə” çalışıb.

Ümumiyyətlə,  Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu  mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Ermənistanın Qərbi Azərbaycan İcmasından qorxmasının əsas səbəbi də budur. Lakin Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur. Eləcə də İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.

Beləliklə, artıq ermənilər saxta iddialarını və yalanlarını dünyada həqiqət kimi qəbul etdirməyə çətinlik çəkirlər. Ona görə də, Ermənistan və erməni diaspor təşkilatları rasizm meyilli bu təhlükəli siyasətə son qoymalı, qonşu xalqlar və dövlətlərlə barışığa, sülhə xidmət edən siyasət yürütməlidir.

Nardar BAYRAMLI

phrase_var_article.chosen
7
10
yeniazerbaycan.com

10phrase_var_article.sources