Aktual.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatlarının həcmi 1 milyard 36 milyon 99 min ABŞ dolları təşkil edib.
Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 997 milyon 887 min ABŞ dolları (27,1 dəfə) çoxdur.
Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,63%-i həcmində olub.
10 ayda Azərbaycan Avstraliyaya 114 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 99,6% azdır.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Avstraliyadan məhsul idxalını illik müqayisədə 115,1 dəfə artıraraq, 1 milyard 35 milyon 985 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Avstraliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 6,23%-ni təşkil edib.
İqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, Azərbaycan və Avstraliya arasında ticarət dövriyyəsinin 27,1 dəfə artmasının səbəbi Azərbaycana böyük həcmdə qızılın idxalıdır:
"Bu ilin ilk 9 ayında Avstraliyadan Azərbaycana təxminən 12 ton, yəni 906,1 milyon dollar dəyərində qızıl gətirilib. Bu, Avstraliyadan idxalın kəskin artmasına səbəb olub və ticarət dövriyyəsində əsas yeri tutub. Qızıl idxalı Dövlət Neft Fondunun qızıl ehtiyatlarını artırması ilə əlaqəlidir”.
Ekspert vurğulayıb ki, Azərbaycanın qızıl idxal etməsi, strateji ehtiyatlarını artırması tamamilə doğru qərardır!