“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın ivuarlı futbolçusu Amad Diallonun çıxışını qiymətləndirib.
Arena.az xəbər verir ki, portuqal mütəxəssis İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə “Mançester Siti”yə 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Amad təvazökar oğlandır. Biz onunla diqqətli olmalıyıq. Vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Amad iki mövqedə yaxşı oynaya bilir. “Mançester Siti” ilə oyunda onun topu irəli aparmaq bacarığı bizim əlimizə işlədi”, deyə Amorim vurğulayıb.
Yeri gəlmişkən, Ruben Amorim “Mançester Siti” üzərində 2:1 hesablı qələbənin “qırmızı şeytanlar”ın azarkeşləri üçün çox vacib olduğunu bildirib:
“Hamımız üçün bu, cəmi üç xaldır. Hələ görəcəyimiz çox iş var, amma bu qələbə azarkeşlərimiz üçün çox şey deməkdir”, deyə baş məşqçi vurğulayıb.
Xatırladaq ki, Amad Diallo İtaliyanın “Atalanta” klubunun yetirməsidir. “Qırmızı şeytanlar” onu 2021-ci ilin yanvarında “Atalanta”dan 21,3 milyon avroya transfer edib. 22 yaşlı futbolçu cari mövsümdə 23 oyuna çıxıb, 4 qol və 6 assistlik performans nümayiş etdirib. Amad Mançester klubunun əsas komandasında bütövlükdə 44 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib.
Amad Diallo “Sanderlend” və “Reyncers” kimi klublarda icarədə də olub.
Diallo 2021-ci ilin mart ayında debüt etdiyi Kot-d’İvuar yığmasında 6 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.