Son günlər Türkiyənin Alanya bölgəsində uşaqlar arasında qəribə xəstəlik sürətlə yayılır.
Milli.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Əl-ayaq xəstəliyinə yoluxma halları xüsusilə məktəblilərdə tez-tez rast gəlinir və gigiyena qaydalarına əməl olunmayan şəraitdə asanlıqla yayıla bilir. Valideynlər artıq uşaqlarını məktəbə göndərməkdə tərəddüd edirlər. Bu vəziyyət Alanya sakinləri arasında narahatlığın daha da artmasına gətirib çıxarıb.
Bu xəstəlik yüksək hərarət, ağızda yaralar və əl-ayaq nahiyələrində səpgilər ilə özünü büruzə verir. Həmçinin, immuniteti zəif olan uşaqlar xəstəliyə qarşı daha həssasdır. Xəstəliyin əsas yayılma yolları isə birbaşa təmas və gigiyena çatışmazlığıdır.
Həkimlər valideynləri gigiyena qaydalarına ciddi riayət etməyə çağırır. Uşaqların tez-tez əllərini yuması, ümumi istifadə olunan əşyaların dezinfeksiya edilməsi və xəstə uşaqların ev şəraitində izolyasiya olunması tövsiyə edilir. Əlamətləri müşahidə olunan uşaqların isə dərhal tibb müəssisələrinə aparılması məsləhət görülür.
İsmayıl
Milli.Az