AZ

Yaxın Şərqdə Türkiyə-Azərbaycan rüzgarı




40 ildən artıq davam edən Əsədlər rejiminin tarixin arxivinə gömülməsi bir tərəfdən Suriya xalqının azadlıq mübarizəsinin qələbə ilə nəticələnməsinin göstəricisi idisə, digər tərəfdən Türkiyənin Yaxın Şərqdə varlığının, kimlərin və hansı güclərin istəyib-istəməməsindən asılı olmayaraq Ankaranın bu coğrafiyada söz sahibi olduğunun sübutu idi. Baxmayaraq ki, istər Qərb, istər Birləşmiş Ştatlar, istərsə də Rusiya və İran, hər biri öz əlində olan imkanlarla Türkiyəni regiondan, xüsusilə də Suriyadan kənarlaşdırmağa çalışırdı.

ABŞ-ın Yaxın Şərqdə Türkiyə planı

Birləşmiş Ştatlar üçün Türkiyənin regionda möhkəmlənməsi, söz sahibinə çevrilməsi qəti şəkildə qəbuledilməzdir. Xüsusilə, Suriyada. Ona görə də ABŞ Suriya münaqişəsi başlayandan burada özünə sığınacaq tapmış PKK terror təşkilatına silah yardımını davam etdirir, onu Türkiyəyə qarşı körükləyirdi. Hazırda da Amerika eyni cəbhədədir. Liviya, İraq, Yəmən kimi demokratiya adı altında xaraba qoyduğu ölkələrin gününə salmaq istəyir Suriyanı. Qeyri-sabit, davamlı olaraq terror aktlarının baş verməsi fonunda istiqrarsızlığın hökm sürdüyü bir Suriya formalaşdırmaq arzusundadır. Ona görə də Vaşinqton açıq şəkildə Türkiyənin Suriyada varlığını qəbul etmir, prosesə qarşı dirəniş göstərir.

İran üçün arzuedilməz situasiya

Türkiyənin Suriyada yaratmış olduğu yeni reallıq Birləşmiş Ştatlar qədər İran üçün qəbuledilməzdir. Hətta Türkiyəyə qarşı münasibətdə Vaşinqton və Tehranın maraqları demək olar ki, üst-üstə düşür. Birincisi, hər iki tərəf uzun illər Suriyada Türkiyəyə qarşı cəbhə açmış PKK terror təşkilatına dəstək nümayiş etdirir. Yaxud həm Amerika, həm də İran Suriyadakı PKK terror təşkilatı ilə koordinasiyalı şəkildə işləyib. Əsədin devrilməsi fonunda PKK işğalından azad edilən Menbic vilayətindəki kəndlərdən birinin uzun illər İranın İnqilab Keşikçiləri korpusunun nəzarətində olması Tehranın Suriyada Türkiyəyə qarşı mübarizədə PKK ilə əməkdaşlıq etdiyinə dəlalət edir. Dörd bir tərəfi PKK terrorçuları ilə əhatələnmiş bir kənddə İranın İnqilab Keşikçiləri korpusunun qüvvələrinin olması yalnız terror təşkilatı ilə əldə edilmiş “centlemen” saziş əsasında reallaşa bilərdi. Bu faktın özü İranın Suriyada PKK terror təşkilatı ilə həm Türkiyə, həm də Suriya xalqına qarşı bir cəbhədə dayandığını aydın şəkildə ortaya qoyur.

Əsədin devrilməsi İran üçün həm də “Hizbullah” prizmasından dolayı arzuedilməz sayılırdı. Uzun illər Suriya vasitəsilə “Hizbullah”ın İran tərəfindən silahlandırılması Əsədin devrilməsi ilə sona çatırdı. Tehran üçün qorxulu ssenari “Hizbullah” a yardımın kəsilməsi ilə yanaşı, həm də bunun Türkiyə tərəfindən həyata keçirilməsi oldu. Necə ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlığı, birgə əməkdaşlılğı 44 günlük Vətən müharibəsində İranın erməni separatçıları və terrorçularına hərbi yardım göndərməsini önləyə bildi, indi də eyni zərbəni İran Suriyada almış oldu.

Yaxın Şərqdə Türkiyə-Azərbaycan rüzgarı

Türkiyə-Azərbaycan dostluq-qardaşlığından, birgə əməkdaşlığından söz düşmüşkən, iki qardaşın Qarabağda çiyin-çiyinə verib həyata keçirdiyi quruculuq-abadlıq işləri Yaxın Şərqdə, Suriyada da davam edəcək. Bunu başqa cür təsəvvür etmək də absurddur. Hər halda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi, iki ölkə prezidentinin Cənubi Qafqaz regionu ilə Yaxın Şərqi eyni aspektdən müzakirə etməsi Ankara-Bakı strateji müttəfiqliyinin yeni mərhələyə keçidinə dəlalət edir. Bu yeni mərhələ indi Cənubi Qafqazdan daha uzaqlara, Yaxın Şərqə doğru uzanır. Bakının sərgilədiyi mövqe ondan ibarətdir ki, birmənalı olaraq Türkiyənin Suriyadakı siyasəti dəstəklənir və Azərbaycan bundan sonra Suriyanın yenidən qurulması prosesində öz qardaşının, Türkiyənin yanında yer alacaq.


Suriyadan uduşla çıxan tərəflər

Suriyadan uduşla çıxan tərəflər ilk növbədə Türkiyə və Rusiyadır. Türkiyə ilk növbədə Suriyadan təhlükəsizliyinə təhdid olan PKK amilini aradan qaldırdı və bu ölkədə terrorun kökünü kəsmək üzrədir. İkinci vacib məqam, Əsədi devirməklə Suriyada münaqişə başlayandan ölkəsinə sığınmış yüz minlərlə suriyalının öz ölkələrinə qayıdışını təmin etmiş oldu.

Nəhayət üçüncü vacib məqam, Türkiyə Suriyada əsas təsirli tərəf olmaq imtiyazını əldə etdi.

Rusiya isə Suriya məsələsində güzəştə getməklə Ukrayna cəbhəsində üstünlüyü ələ alacaq. Digər tərəfdən Əsədin Rusiyaya gələn zaman özüylə gətirdiyi milyardlarla dollar vəsait iqtisadi və maliyyə böhranı yaşayan Rusiya üçün əsas investisiya sayıla bilər.

Arzuman Muradlı, "Milli İnkişaf" İctimai Birliyinin sədri




phrase_var_article.chosen
15
newscenter.az

1phrase_var_article.sources