AZ

Əsəddən sonra: Tehranda Suriya barədə nə düşünürlər?

Əsəddən

Suriyada Bəşər Əsədin hakimiyyəti süqut edərkən, İran hakimiyyəti üsyançıların 2 həftədən az müddətdə ölkə boyu irəliləyərək şəhərləri bir-bir ələ keçirməsini təəccüb və şok içində seyr edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.

Britaniya nəşrinin təhlilində qeyd olunur:

İrandan olan bir mənbə bildirib ki, Tehran Suriya ordusunun bu qədər tez səpələnəcəyini gözləmirdi. Lakin “Hizbullah” döyüşçüləri Livanda İsrailə qarşı döyüşmək üçün Suriyanı tərk etdikdən sora üsyançıların nəzarətində olan ərazilərlə sərhədlərdə yerləşən 15 və ya daha çox nəzarət-buraxılış məntəqəsi boş qalıb, Suriya ordusu onlara nəzarət etməyib.

Rəsmi Tehrana yaxın başqa bir mənbə, son bir neçə ayda İran və “Hizbullah”ı hədəf alan İsrailin müntəzəm hava reydlərinə istinad edərək bildirib: “Biz heç nə təklif edə bilmədik, çünki səma İsrailin əlində idi. Hətta Əsədin süqutundan bir gün əvvəl yüksək səviyyəli məmurlar müqəddəs yerləri qorumağa çağırdılar və onları qorumaq üçün qüvvələr göndərməyə cəhdlər edildi, lakin bu cəhdlər uğursuz oldu”.

Dekabrın 7-də üsyançılar Dəməşqə yaxınlaşarkən İran dövlət televiziyası “səsini” dəyişdi. O, üsyançıları “silahlı qruplar” adlandırmağa başladı, halbuki bir gün əvvəl onlar “terrorçu” idilər.

Əsədin müdafiəsi çökəndə İran mediası “Heyət Təhrir əl-Şam”dan (HTŞ) Suriyadakı müqəddəs şiə ziyarətgahlarının təhqir olunmayacağına dair İranın zəmanət aldığını bildirən bir məlumat sızdırdı.

Məlumatın sızması dindar təbəqənin və quruluş tərəfdarlarının təzyiqlərini azaltmaq məqsədi daşıyırdı. Xəbəri daha sonra İran rəsmiləri də təsdiqləyib.

Kor qəzəb

İranda reaksiyalar qarışıq idi.

Əsasən İslam Respublikasının dindar və qatı tərəfdarları olan bir qrup insan quruluşun yetərincə iş görmədiyinə inanır və hətta prezident Məsud Pezeşkianın islahatçı hökumətini Qərb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Əsədə dair razılaşma əldə etməkdə ittiham edir.

Üstəlik, onların fikrincə, əvvəllər “Əl-Qaidə” ilə əlaqəsi olan HTŞ-nin daha mötədil imic nümayiş etdirmək cəhdlərinə baxmayaraq, qrup ideoloji təhlükə olaraq qalır.



Digərləri, o cümlədən İran cəmiyyətinin əhəmiyyətli hissəsi, xüsusən də islahatçılar hesab edirlər ki, bu, İran üçün məcburi, lakin müsbət nəticədir, Livanda ağır zərbə alan “müqavimət oxu”nu sanksiya və gərginlikdən qoruyur.

Adının açıqlanmasını istəməyən yüksək səviyyəli islahatçı jurnalist MEE-yə deyib:

“Axmaq və dini mahiyyətli xarici siyasəti İrana baha başa gəlib. Strateji dərinliyimiz nə Suriya, nə də Livandır. İslam Respublikası İslam ümmətini milli təhlükəsizlik və maraqlardan üstün tutur. Milli maraqlarımıza əsaslanaraq, biz İsrail kimi ölkələrə düşmən yox, rəqib kimi baxmalıyıq. Bu, bir çox problemlərimizi həll edərdi. Buna görə Suriyada baş verənlər faydalıdır, çünki bu, müəyyən dərəcədə İslam Respublikasını öz xarici siyasətinə yenidən baxmağa məcbur edəcək”.

İranda mənzərə

İranın qərar qəbul edən şəxsləri arasında kiçik fikir ayrılıqları var. Bir qrup hesab edir ki, Tehran HTŞ ilə əlaqəni davam etdirməli və diplomatik vasitələrlə Suriyada maksimum iştirakını saxlamalıdır, digər qrup isə yeni “Proxy” qrupların yaradılmasını dəstəkləyir.

Bununla bağlı bir keçmiş diplomat MEE-yə deyib:

“İndi İran Suriyadakı siyasətini bir neçə kanaldan irəli sürəcək. Bir tərəfdən, gələcək hökumətin davranışlarını müşahidə etmək üçün gözləyəcək, digər tərəfdən, boş qalmayacaq. İslam inqilabının məqsədlərinə nail olmaq üçün bütün qruplar və potensial imkanlarla əlaqələrini davam etdirəcək”.

İkinci qrup iddia edir ki, Suriyada yeni hakim qurum hələ də iranlılara və şiə müsəlmanlarına nifrət bəsləyən sünni ekstremistdir. Onlar hesab edirlər ki, Tehran yeni hökuməti tənqid edən vəkil və populyar qruplar vasitəsilə güc və təsir göstərməlidir.

İranın ali dini lideri Ayətullah Xamnəi Əsədin devrilməsindən sonra xalq qarşısında çıxışında deyib: “Zaman göstərəcək ki, onların heç biri öz məqsədlərinə çatmayacaq və şübhəsiz ki, cəsur gənclər Suriyanın işğal olunmuş ərazilərini azad edəcək”.

“Təkəbbür agentləri düşünürlər ki, müqaviməti dəstəkləyən Suriya hökumətinin süqutundan sonra “Müqavimət cəbhəsi” zəifləyib, - deyə Xamenei davam edib. - Lakin onlar ciddi şəkildə yanılırlar, çünki “müqavimət” və “Müqavimət cəbhəsi” haqqında düzgün anlayışa malik deyillər”.

İranın xarici işlər naziri Abbas Əraqçi isə bəzi adları açıqlanmayan ölkələrin, ehtimal ki, siyasi İslam nəzəriyyəsi və “Müsəlman Qardaşlar”ı tənqid edən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misirin narazılığından yarana biləcək imkanlardan danışıb:

“Suriyada mövcud siyasi vəziyyət bütün ehtimallar üçün yer açır, xüsusən də bəzi region ölkələri baş verənlərə görə çox qəzəblidir. Adlarını çəkməyəcəm, lakin qarşı tərəfdən hərəkətlərin başlayacağına dair gümanım var və bunun nümunələrini görmüşük. Liviya, Sudan və Livanda belə vəziyyətlər var”.

Ali liderin bəyanatı ilə bağlı suala mühafizəkarlara yaxın olan iranlı xarici siyasət analitiki MEE-yə deyib: “Anti-İsrail kimliyi ilə Suriyada müqavimət qrupunun yaradılması, xüsusən də Suriya ərazisi rəsmi olaraq İsrail tərəfindən işğal olunduğu zaman, İslam Respublikası üçün böyük bir fürsətdir”.

Təhlilçi 2012-ci ildə iranlı general Qasim Süleymaninin yaratdığı və ilkin olaraq təxminən 100.000 döyüşçüsü olan Suriya Milli Müdafiə Qüvvələrinə (NDF) işarə edib.

Bununla belə, həmin analitik deyir ki, bu qüvvələr illər ərzində zəifləyib və resurslardan məhrum olub. Çox güman ki, Əsədin İranın birbaşa təsirini məhdudlaşdırmaq səyləri nəticəsində, üzvlərin sayı illər ərzində cəmi 11 000 nəfərə enib:

“Ancaq indi sual budur: bu adamlar nə edəcəklər?”

Bəs sonra?

Təhlilçilər hesab edirlər ki, İran “oxu”nun dağılması ilə Qərb tezliklə Yəməndəki Husilər və daha sonra İranın nüvə proqramını hədəfə alacaq.

“Suriyanın Türkiyənin dəstəklədiyi üsyançı qüvvələrin və Əsədə müxalif silahlı qrupların əlinə keçməsi Livanda “Hizbullah” və Suriyada “müqavimət qüvvələri” üçün logistik blokada deməkdir, - adının açıqlanmasını istəməyən Tehrandakı beynəlxalq əlaqələr üzrə bir professor deyib. - Çox güman ki, “Hizbullah” qüvvələri Livanda siyasi hakimiyyəti təkbaşına saxlaya bilməyəcək və Suriyada gedən proseslər bu prosesi sürətləndirəcək.

“Görünür, İran Suriyadakı enerji şəbəkəsini itirdiyi kimi, Livanı da itirəcək! - deyən professor əlavə edib: - Bu yolun son məqsədi İranın nüvə proqramına hücum etməkdir”.

Bununla belə, mənbə vurğulayıb ki, İranın nüvə proqramına hər hansı bir hücum İran liderinə nüvə silahı istehsalına qarşı fitvasını dəyişmək imkanı verəcək.

Y. QACAR
phrase_var_article.chosen
19
reyting.az

1phrase_var_article.sources