On ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi Şimali Koreya-Rusiya əməkdaşlığı barədə bəyanat yayıb.
Sfera.az bildirir ki, birgə bəyanatda iki ölkə arasında artan hərbi əməkdaşlıq kəskin şəkildə tənqid edilib. Sözügedən ölkələr isə ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya, İngiltərədir.
“Biz Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı, o cümlədən Şimali Koreya qoşunlarının Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya göndərilməsini qətiyyətlə pisləyirik. Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə birbaşa dəstək verməsi münaqişənin təhlükəli şəkildə genişləndiyini və bunun Avropa və Hind-Sakit okean regionlarının təhlükəsizliyi üçün ciddi risklər yaratdığını göstərir”,- bəyanatda qeyd olunub.
Bildirilib ki, Şimali Koreyanın Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya ballistik raketlər, artilleriya mərmiləri və digər hərbi texnika ixrac etməsi, Şimali Koreya əsgərlərinə silah və ya müvafiq materialların istifadə qaydalarını öyrətməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1718 (2006) saylı qətnaməsini pozur: “Bu həm də, 1874 (2009) və 2270 (2016) saylı qətnamələrin açıq şəkildə pozulmasıdır”.
Qeyd edilən ölkələr vurğulayıb ki, Rusiyanın Şimali Koreyanın qeyri-qanuni silah proqramına, o cümlədən kütləvi qırğın silahları və onların çatdırılma vasitələrinə göstərə biləcəyi istənilən siyasi, hərbi və ya iqtisadi dəstəkdən dərin narahatlıq hissi keçirirlər: “Bu vəziyyət Koreya yarımadasında onsuz da gərgin olan mühiti daha da pisləşdirəcək”.
Bəyanatda azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə edən Ukraynaya dəstək əzminin davam etdiyi bildirilib: “Biz Şimali Koreyanı Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsinə bütün dəstəyini dayandırmağa, o cümlədən qoşunlarını geri çəkməyə çağırırıq. Şimali Koreya-Rusiya tərəfdaşlığının yaratdığı təhlükəyə cavab vermək üçün iqtisadi sanksiyaların tətbiqi də daxil olmaqla birlikdə hərəkət etməyə davam edəcəyik”.
Günay Rəsulqızı