Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin hazırkı prezidenti ilə bağlı açıqlamalar verib. Rusiya mediasının yaydığı məlumata görə, o, Salome Zurabişvilinin dekabrın 29-da prezident sarayını tərk edəcəyi ilə bağlı fikir bildirib.
“Düşünürəm ki, o gedəcək (iqamətgahdan - red.). Biz əlavə heç bir fəsadlar gözləmirik”, - deyə siyasətçi brifinqdə bildirib.
Dekabrın 14-də Gürcüstanda yeni sistemlə prezident seçkiləri keçirildi. İlk dəfə olaraq dövlət başçısını vətəndaşlar deyil, 300 nəfərdən ibarət seçicilər kollegiyası - ölkə parlamentinin, muxtar respublikaların deputatları və yerli məsləhət orqanları seçdi. Seçkilərin qalibi yeganə namizəd (hakim Gürcü Arzusu partiyasından-red.) Mixail Kavelaşvili olub.
Eyni zamanda, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili bəyan etdi ki, “ölkədə heç kim heç kimi seçməyib” və “heç bir siyasi proses də baş verməyib”. O, səsvermənin legitimliyini tanımaqdan imtina edənlərə minnətdarlığını bildirib.
Tural