Bu gün “Gülüstan” sarayında Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı və "bp" şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2024” keçirilib.
"APA-Economics" xəbər verir ki, Forumunun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır.
Forumda dövlət və özəl sektorun, ictimaiyyətin, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər.
Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan, 2025-ci ildən etibarən tətbiqinə başlanacaq gömrük dəyərini qabaqcıl beynəlxalq təcrübə əsasında dəqiq və dürüst, rəqəmsal həllər əsasında müəyyənləşdirən “Rəqəmsal Gömrük Dəyəri”, saxlanc xərclərini azaldılmasına, malların istehlakçıya daha sürətli şəkildə çatdırılmasına, biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq “İkipilləli Buraxılış Sistemi” və daşıyıcılar üçün resursların daha rasional bölüşdürülməsi, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi, logistika işinin səmərəli təşkili və proqnozlaşdırılması baxımından əhəmiyyətli olan “İlkin Məlumatlandırma Sistemi” layihələrinin təqdimatı keçirilib.
Qeyd edək ki, rəqəmsal həllərə və beynəlxalq dəyərləndirmə standartlarına, süni intellektə və elmi araşdırmalara əsaslanan yeni layihələr əlverişli biznes mühitinin formalaşdırlması, vaxt və vəsaitə qənaət olunması, gömrük işinin səmərəliliyinin artırılması baxımından xarici ticarət iştirakçılarına əlavə imkanlar yaradacaq.
Daha sonra Səlahiyyəti İqtisadi Operator layihəsi çərçivəsində SİO statusu alan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə və “FoodCity Aqrokompleks”ə sertifikatlar təqdim olunub.
Forum öz işini panel müzakirə ilə davam etdirib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
***
11.38
Bu gün Bakıda “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbiri keçirilir.
“APA-Economics” xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilir.
Məlumata görə, tədbirin dəstəkçisi qismində Böyük Britaniyanın BP şirkəti çıxış edir.
Tədbirdə rəqəmsal gömrük dəyərləri və ilkin buraxılış sistemi sahəsində çıxış və təqdimatlar nümayiş etdirilir.
Forum zamanı sual-cavab sessiyasının keçirilməsi də nəzərdə tutulub.