Son zamanlar qızılın qiyməti bahalaşmaqda davam edir.
Dünya Bankının məlumatına görə, qızılın orta qiyməti 2024-cü ilin əvvəlindən oktyabr ayına kimi 750 dollara yaxın bahalaşıb. Belə ki, 2023-cü il üzrə qızılın bir troya unsiyasının orta qiyməti 1943 dollar olduğu halda, bu ilin oktyabr ayında bu rəqəm 2690 dollara yüksəlib. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə qızıl dünya bazarında 38,4% bahalaşıb. Azərbaycan Dövlət Neft Fondu da bu il qızıl alışını artırıb. Tələbin yüksəlməsi isə qiymətlərin daha da artmasına təsir edib.
Bəs görəsən, bu bahalaşmanın səbəbi nədir? Bahalaşma hansı səviyyəyə qədər davam edə bilər?
Mövzu ilə bağlı Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qarşıdakı dövrdə qızılın qiymətinin daha da artacağı gözlənilir.
Onun sözlərinə görə, dünya maliyyə bazarında, o cümlədən ictimai-siyasi proseslərdə qeyri-stabillik yaşananda qızılın qiyməti bahalaşır. Müsahibimiz qeyd edib ki, bu halda dünya dövlətləri və dünya maliyyə mərkəzləri valyutalardan daha çox, min illərlə dəyişməyən və real valyuta sayılan qızıla üstünlük verirlər.
Qızılın bahalaşmasının başlıca səbəblərdən biri də milli valyutaların devalvasiyaya uğramasıdır. Ayrı-ayrı dövlətlərdə beynəlxalq səviyyədə inflyasiya gedir və bu inflyasiya milli valyutaların alıcılıq qabiliyyətinə təsirsiz ötüşmür. Nəticədə ümumi ölçü vahidi olan qızılın qiyməti yüksəlib:
“Ümumilikdə dövlətlərin gücü onların qızıl ehtiyatları ilə ölçülür. Qızıl elə bir qiymətli əşyadır ki, tarixin heç bir dönəmində öz dəyərini itirməyib. Bu və ya digər iqtisadi vəziyyətə uyğun olaraq, qızılın qiymətlərində ucuzlaşma olur. Lakin bütövlükdə qızılın dəyəri digər metallardan və mübadilə vasitələrindən yüksək olub. Təsadüfi deyil ki, hər bir valyutanın arxasında qızıl dayanır".
V.Oruc bildirib ki, Şərq ölkələri və Azərbaycan xalqı yığım vasitəsi kimi qızıla daha çox üstünlük verirlər. Hesab olunur ki, hər hansısa milli valyutanı və ya ABŞ dollarını, euronu saxlamaqdansa, qızıl yığımı daha məqsədəuyğundur.
Vüqar Oruc: Son illər qızıl təxminən 50 faizə qədər əlavə dəyər qazanıb
"Qızıla olan bu tələbat fonunda qiymətinin daima yüksək olması təbiidir. Həmçinin xalqımızın özünəməxsus adət-ənənəsinə uyğun olaraq, ailə həyatı quran cütlüklər üçün mütləq qızıl əşyaları tədarük edilir. Bu amil də qızıl bazarını hər zaman işlək vəziyyətə gətirir", - deyə müsahibimiz vurğulayıb.
AQC sədri hesab edir ki, qızılın bahalaşması prosesi növbəti ildə də davam edəcək:
"Son illər qızıl təxminən 50 faizə qədər əlavə dəyər qazanıb. 2025-ci ildə qızılın qiyməti təxminən 15 faiz yüksələcək".
Gülşən Şərif