AZ

Həyatın əbədi təkrarı

"Yalnız bir vacib fəlsəfi problem var - intihar. Həyat yaşamağa dəyər, yoxsa yox? Fəlsəfənin əsas problemi bu suala cavab axtarmaqdan ibarətdir. 

Qalan məsələlər: dünyanın üçölçülü olub-olmaması, düşüncənin doqquz, yoxsa on iki qat olması bundan sonra gəlir”. 

Bu iddialı cümlələr Alber Kamyunun "Sizif haqqında mif”  essesinin girişindəndir. 

Ekzistensialist yazıçı və filosof Kamyu həm "Sizif haqqında mif”də, həm də "Yad”, "Baş qaldıran insan” kimi əsərlərində "həyatın mənası nədir, absurd bir dünyada yaşamağa dəyərmi?” - kimi sorğulara cavab axtarmağa çalışır. Kamyuya görə həyat və onun qanunları absurddur. Yaxşı insanların başına pis işlərin gəlməsi, pis adamların qarşısına yaxşı şeylərin çıxması, erkən ölümlər, xəstəliklər və s. kimi olaylar yaşamın absurdluğundan xəbər verir. O zaman ortaya belə suallar çıxır: Həyat qanunları absurddursa, insan bu absurdlarla necə dolanmalıdır? Təsadüflərin diqtəsi ilə irəliləyən bu qeyri-şüuri axında boğularaq hər şeyə son verməli yoxsa iztirablara sinə gərərək axıracan üzməli?

Kamyu "Sizif haqqında mif” yazısında bu problemi önə çəkir. 

Yarıhekayə, yarıesse janrında yazdığı Sizif əhvalatında Kamyu nihilizmin çarəsizliyini yox, gerçəkliyin qaçılmazlığını göstərir. Ümumiyyətlə, Kamyuya görə insan öz varlığını kainatın mərkəzinə qoymaqla, özünü yer üzünün əşrəfi saymaqla səhv edir. 

Əslində insan öz yaşam mübarizəsi, həyatda qalma instinkti ilə bir qarışqadan və ya bir tülküdən heç nə ilə fərqlənmir. 

İnsanın fikri soruşulmadan ona verilən həyatın bir müddət sonra icazəsiz əlindən alınması yaşam deyilən bu müvəqqəti mövcudluğu absurd və tragedik bir hala salır. İnsan bu faciədən xilas olmaq üçün suallarına cavab axtarmağa başlayır.  Bütün suallarınsa yeganə bir cavabı var: ölüm! Bu cavab insanı psixoloji  tupikə dirəyir. Ona görə də sağ qalmaq instinkti ilə ölüm gerçəkliyi məsafəsində yaşanan atüstü ömür Kamyuya görə absurd məna qazanır. 

Bəzi tənqidçilərə görə, bütün bunlara baxmayaraq, Kamyu həyatı müsbət hadisə kimi qiymətləndirir.  Yəni, həyat özlüyündə anlamsız olsa da yaşamağa dəyər. Başqa sözlə desək, var olmaq yox olmaqdan yaxşıdır. Bunu da nəzərə almaq lazımdır ki, Kamyu 46 illik ömründə iki dünya müharibəsinin ağrı-acısını yaşamalı olub. Əlbəttə, böyük yazıçını məşğul edən bu əbədi suallar, əsərlərini bürüyən ekzistensial böhran həm də amansız müharibələrin törətdiyi psixoloji katastrofun nəticələri idi. 

Əsərlərində həyatın absurdluğu, yaşamın anlamsızlığı üzərindəki düşüncələrə çox qapılan Kamyu çox zaman ekzistensializmdən absurdizmə keçir və əksər tənqidçilər onu "absurdist yazıçı” adlandırırlar. 

Ekzistensializm fəlsəfəsi həyatın mənasını axtarır. Bu cərəyanın yaradıcısı hesab edilən Kierkeqor Sörenə görə həyatın mənasızlığından və absurdluğundan xilas olmaq istəyən insanın iki seçimi var: ya tanrıya inam ya da intihar. 

Tanrı bu amansız, qorxunc dünyaya sürgün edilmiş insanın psixoloji sığınacağıdır. Əslinə baxsaq, doğrudan da milyonlarla insan "bu düzənin bir yaradıcısı, bu kainatın bir memarı var” düşüncəsinin çarxında fırlanır,  bu şirin yalana aldanmaqla ömür sürürlər. Acı həqiqətlə müqayisədə şirin yalan insana daha cazibəli görünür.  Bu da təbiidir.  Acı gerçək seçkin (psixikası güclü) fərdlərin menyüsünə aiddir, kütlələri (zəif və emosional psixika sahiblərini) yemləmək üçünsə şirin yalan lazımdır. Və minillərdir ki, dinlər bu şirin yalanın hesabına öz populyarlığını qoruyub saxlaya bilir. 
 
Yunan mifologiyasının ən gözəl nümunələrindən olan "Sizif” əhvalatı Azərbaycan ədəbiyyatının da diqqətini cəlb edib. Murad Köhnəqalanın şair dostu Səfər Rzasoyluya həsr etdiyi  "Azərbaycanlı Sizif” hekayəsi lakonik tərzi, obrazlı təhkiyəsi və fəlsəfi-psixoloji qatları ilə ədəbiyyatımızda ekzistensial nəsrin uğurlu örnəklərindəndir. Süjetin gərgin dramatizmi, müəllifin dörd fəslə sığdırdığı ömür proqramının bədii xronikası  hekayəni "sıxılmış roman” adlandırmağa imkan verir. Postmodern üslubun ekzistensialist fəlsəfə ilə birləşdiyi "Azərbaycanlı Sizif” hər bir oxucunun özünü görə biləcəyi bir həyat hekayəsidir. 

Köhnəqalanın Sizifi Kamyunun Sizifindən daha realdır,  daha dəqiq insani cizgilərə malikdir. 

Kamyunun Sizifi (insanların) siziflərin ümumiləşmiş obrazı, Köhnəqalanın Sizifi isə həm xüsusiləşmiş – azərbaycanlı Sizif, həm də ümumiləşən insani Sizifdir. Köhnəqala bu hekayəsində sizifləşmənin milli və bəşəri modelini sintezləşdirib. Murad mifi dekonstruksiya edib. Kamyu isə mifin orijinal versiyasını olduğu kimi saxlayaraq ona heç bir bədii müdaxilə etməyib. 

Mifin məzmunu belədir: tanrıların qəzəbinə gələn Sizif - əbədi cəzaya, ağır bir daşı dağın başına qaldırmağa məhkum edilib. Sizif min bir əzab-əziyyətlə daşı dağın zirvəsinə itələyir, daş zirvəyə çatandan sonra yenidən dığırlanıb dağın dibinə düşür. Taleyin hökmü belədir: Sizif yenidən bu daşı yuxarı qaldırmalı, daş isə daim zirvədən yerə yuvarlanmalıdır. 

Köhnəqala yaratdığı neomifdə həyatın əbədi təkrarının irsi yolla ötürüldüyünü incə ştrixlə vurğulayır və hekayəni tamamlayır: 
"Payız girmişdi. Sizifin də yarpağı saralırdı. Bütün bunlara baxmayaraq o, xoşbəxt olmaqda ümidli idi. Sizif Daşı itələyirdi. Ancaq elə bil, Daş əvvəlkindən xeyli ağır olmuşdu. Payızın hökmü ilə hər yan bozarırdı. "Görəsən, atam yaşadığı dövr qəddar olub, yoxsa mənim dövrüm?..” 
Daşı itələdikcə Sizifin həyatının hər yeri ağrıyırdı. "Dünyanın ayrı yerlərində də ömrü beləmi yaşayırlar? Yoxsa, bədbəxt bircə bizim torpaqda doğulanlardı?..” 

Əvvəlki vaxta baxanda Sizif çox ləng qalxırdı. Vaxt isə ox kimi uçurdu. O, Daşın ağırlığına, yolun uzaqlığına, ömrünün qalan yerinə baxır, götür-qoy edirdi. Bu yerlərdə xoşbəxt olmağın mümkünsüzlüyünü duyurdu... 

Ömrə qış gəlir, təbiətə qar yağırdı. Sizif qarlı yolla Daşı itələməyində idi. Bir gün sakit bir səs onu aşağıya səslədi: "Sizif, gəl, artıq vaxtdır!” Sizif Daşı buraxıb aşağı endi. Bir də baxdı ki, ölüm yatağında uzanıb. Qoca Sizif xəcalətindən vəsiyyət eləmək istəmirdi. Ancaq fikirləşdi ki, burada xoşbəxt olmağın yolunu mütləq övladına deməlidi. Nəhayət, Sizif gənc oğlunu yanına çağırıb Daşın yerini ona pıçıldadı...” 
Beləliklə, Daş (həyat) əbədi, Siziflər (insanlar) isə gəldi-gedərdir. Daş ölümsüz, Siziflər ölümlüdür. 

Nitsşenin "Tanrı öldü” şüarı "insan özü tanrı olmalıdır” hipotezini doğurdu.  Dostoyevskinin "Cinlər” romanının personajlarından olan Kirillov məhz bu ideyanı gerçəkləşdirməyə çalışırdı. O, həyatın absurdluğundan xilas olmağın yolunu tanrıya çevrilməkdə görür. İnsanın tanrı olması üçün o, düşüncəsindəki ən böyük qorxuya - ölüm qorxusuna qalib gəlməlidir. Ölüm qorxusunu yenmək, ölümü məğlub etmək deməkdir. 

Dostoyevskinin qəhrəmanı bütün gücünü toplayıb ölüm qorxusunu aşır, öz iradəsini fövqəlqüvvə səviyyəsinə qaldırır və...intihar edir. 
Kamyu qəhrəmanını tale ilə barışdırır, Dostoyevski öldürür, Köhnəqala isə həyatın ixtiyarına buraxır. 

Şəlalə Göytürk Niaqara 
phrase_var_article.chosen
24
qaynarinfo.az

1phrase_var_article.sources