AZ

Məxməri səs…

Məxməri gül…Cənub bölgəsində qədimi bir qızılgül növü var, adına məxməri gül deyirlər. Kökü kəsilməkdə olan, hal-hazırda  çox az həyətlərdə  rast gəlinən  tünd qırmızı ləçəkli bu gülün elmi adını bilməsəm də, zərif, təkrarsız qoxusu həmişə yaddaşımdadır. Gənc müğənni Almaxanım Əhmədlini dinləyəndə nə üçünsə  uşaqlıq, yeniyetməlik, gənclik xatirələrimin rayihəsi hopmuş həmin məxməri gülü  xatırlayıram. Və mənə elə gəlir ki, Almaxanımın səsi, nəfəsi o gülün rayihəsi ilə harmoniyadadır, bir-birini tamamlayır, o səsdən o gülün ətri gəlir...

 Etiraf edim ki, bölgədə yaşadığımdan   istedadlı gənc ifaçı Almaxanım Əhmədlinin heç bir konsertində iştirak  edə, canlı ifasını dinləyə bilməmişəm. Əslində buna o qədər təəssüflənmirəm də. Çünki, elə ifalar var ki, onları gərək ancaq təklikdə, ruhunla baş-başa qalıb dinləyəsən. Sənə qəlbən,  ruhən yaxın olan  ifaçıları geniş konsert salonlarında dinləyəndə o ləzzəti almırsan sanki. Bəlkə bu məndə belədir, bilmirəm. Sevdiyim kitabları təklikdə oxumaq, ifaları təklikdə dinləmək mənə daha çox zövq verir... Almaxanım Əhmədlinin ifasını da mütəmadi  YouTube sosial şəbəkəsində dinləyirəm, ruhuma sakitlik vermək istəyəndə, özmənimlə tək qaldığımda, sevincli, kədərli anlarımda. “Yaxşı musiqi ruha qidadır” sözləri boşuna deyilməyib ki...

...Almaxanım Əhmədlinin ifasında “Səndən nigaranam” mahnısını dinləmisinizmi? Sözsüz ki, digər müğənnilərimizin ifasında çox eşitmisiniz, tv proqramlarında dəfələrlə izləmisiniz. Bu məşhur mahnının  ifaçıları da çoxdur-ölkəmizdə, ölkəmizdən kənarda çox populyar müğənnilər bu mahnını ifa edib. Amma inanın,  Almaxanımın  ifası bunların heç birinə bənzəmir, tam fərqlidir, duyğuludur, özüməməxsusdur.  Heç bir ifada nigarançılığın  əzabını, ağrılığını bu qədər açıq   hiss etməmişdim. Almaxanım ölən məhəbbətə ağımı deyir, laylaymı çalır, bilmirəm. Bildiyim, duyduğum, hiss etdiyim budur ki, bu  həzin ifa, hüznlü səs ürəyimi titrətdi, həzinliyi ilə iliyimə qədər işlədi, unutmaq istədiklərimi  yaddaşıma qaytardı...

 Fikrət Əmirovun “Kor ərəbin mahnısı”nı çoxumuz dinləmişik. Yaşlı, orta nəsil bu mahnının  klassik ifaçılarını da yaxşı xatırlayır. Almaxanımın onlardan çəkinməyərək H. Cavidin “Şeyx Sənan” faciəsinə yazılmış bu məşhur mahnını ifa etməyə cürət etməsini, cəsarətini çox bəyəndim. “Kor ərəbin mahnısı” onun ifasında o qədər təsirli, səmimi alınıb ki...Sanki bu həzin  səda  ürəklərə işləyir: Almaxanım “ Nə eşq olaydı, nə aşıq” desə də məhəbbətin ülviliyini, sonsuzluğunu, əbədiyaşarlılığını  vəsv edir, dinləyicinin yaddaşına məxməri səsi ilə  həkk edir. Yeri gəlmişkən, bu mahnını  təklikdə dinləyin-mahnı və sən. Ayrı heç kim. Yoxsa o cazibəni ala bilməzsiniz, sehrini duymazsınız...Heç sükutun səsini də qatmayın bu səsə... 

Xatırlatmaq istəyirəm ki, Almaxanım Əhmədli Bakıda, ziyalı ailəsində  dünyaya göz açıb. Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. Anası Səbinə xanım da filologiya  elmləri doktorudur. Amma tanrı 23 yaşlı qıza elə istedad, bacarıq bəxş edib ki, valideynlərinin adından, şöhrətindən yararlanmaq ona qətiyyən gərək deyil. Bilirəm, Prof. Vüqar Əhməd məndən inciməz, çünki valideynlər övladlarının uğuruna özlərinkindən daha çox sevinir, qürur hissi keçirirlər. Mənim baxış bucağımdan geniş ictimaiyyət arasında, ölkəmizdən kənarda  Almaxanım Əhmədli  öz sehirli ifası ilə valideynlərindən daha böyük populyarlıq qazana, Azərbaycanımızı dünya arenasında tanıda bilib. ABŞ-da, Rusiyada, Türkiyədə, Pakistanda, Tacikistanda və s. ölkələrdə verdiyi konsertlər böyük anşlaqla keçib, sosial şəbəkələrdə yayımlanıb, gənc müğənninin  uğurları haqqında  zaman-zaman yazılıb, tv-lərdə işıqlandırılıb. 

Olduqca məhsuldar müğənni olan Almaxanım Əhmədlinin zəngin repertuarı var. Muğamlarımız, xalq mahnılarımız, bəstəkar mahnıları və s. Almaxanım  özünəməxsus tərzdə, bənzərsiz  ifa edir.  Mən Almaxanımın ifasında muğam və xalq mahnılarımızı daha çox bəyənirəm. Sanki bu mahnılar  onun məxməri  səsinə biçilib.  Bu  səs şaqraq, hay-küylü  mahnılar üçün deyil. Heç müğənninin üz cizgiləri də. Fikir vermisinizmi, onun siması elə bil  ifasını tamamlayır, harmonik vəhdət təşkil edir.

 Almaxanım Əhmədli sakit, təmkinli ifası ilə sübut etdi ki, açıq- saçıq geyinmədən də populyarlıq qazanmaq, tamaşaçının qəlbinə yol tapmaq, cazibədar olmaq  olar. Əsas səsdir... yox, ürəkdir! O qədər səsi olub ürəksiz oxuyanlar var ki, dinləyəndə heç bir duyğu hiss etmirsən. Amma Almaxanım sanki ürəyini səndən alıb oxuyur. Nə vaxt qaytaracaq, özün də bilmirsən...

“Belə qəmli dayanma”...Olduqca populyar olan bu mahnını Almaxanımın ifasında mütləq dinləyin. Ruhunuz dincələcək-inanın mənə. Sevən bir qəlbin yalvarışını Almaxanım həzin səsi ilə ruhunuza elə ötürəcək ki, heç vaxtın nə vaxt keçdiyini, mahnının bitdiyini belə hiss etməyəcəksiniz. Nə sirdirsə, onun repertuarındakı mahnılarının əksəriyyəti kövrək notlara köklənib, həsrətdən yoğrulub, ilk məhəbbətin, nakam sevginin vida nəğməsi kimi səslənir.

Əslində, səs adamından, müğənnidən sözlə yazmaq, onu sözlə tanıtmaq  çox çətindir. Audio, video süjet olanda bu ağırlığı hiss etmirsən. Müğənninin ifa etdiyi nəğmələrindən parçalar verirsən, tamaşaçı özü ayırır yaxşı ilə pisi, qızılla misi. Yazıda isə belə deyil. Mən Almaxanımın ifasının yazı dilini nə üçünsə azan səsi-ilahidən gələn səda ilə harmoniyada təsəvvür edirəm. Səbəbini soruşmayın, izahını özüm də bilmirəm. Maraqlıdır,  görəsən Almaxanım Azanı heç ifa edibmi? Şəxsi tanışlığım olmadığından bu sualın cavabı da mənə açıq qalır...

“Qal, sənə qurban”, “Allahım, indi neyləyim?”, “Axtarma məni”, “Nə yaxşı ki”, “Dünya, qapını aç, çıxım gedim” mahnılarını Almaxanım tam özünə xas stildə ifa edir. Və ifasına elə möhür vurur ki,  ondan sonra həmin nəğməni kimsənin ifasında dinləyəndə sənə xaric gəlir. Yeri gəlmişkən, Almaxanım Əhmədlinin və digər gənc istedadlı müğənnilərimizin bəstəkar sarıdan bəxti gətirməyib deyərdim. Niyə? Çünki Azərbaycan bəstəkarlıq məktəbinin klassik bəstəçiləri bu gün aramızda yoxdur, yeniləri isə yetişdirilməyib. Bu gün Ələkbər Tağıyev, Tofiq Quliyev, Emin Sabitoğlu, Fikrət Əmirov, Elza İbrahimova, Cahangir Cahangirov sağ olsaydılar, inanıram ki, Almaxanımın səsinə mahnılar bəstələyərdilər. Məhz o ifanı dinləyəndən sonra o məxməri səsə uyğun repertuar qurmaqda yardımçı olardılar. Onda repertiarını təyin etmək, zənginləşdirmək rahat olardı gənc, istedadlı müğənnilərimizə, o cümlədən, Almaxanım Əhmədliyə.

...Bir də, Almaxanım Əhmədli ilə həmsöhbət olsam mütləq soruşacağam: “Sona bülbülləri”i niyə ifa etmirsiniz? O mahnı ki, sizin səsinizə biçilib?

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru

Seçilən
2
1
xalqqazeti.az

2Mənbələr