Fransa və Niderlanddan sonra İsveçrə də Azərbaycana münasibətdə riyakar mövqe nümayiş etdirir.
İsveçrə parlamentinin aşağı palatasında “Dağlıq Qarabağ:
Sülh Konfransı” adlı qətnamə qəbul edilib. Qətnamənin müəllifi deputat Erix Fontobeldir. Müzakirələrdə bu ölkənin xarici işlər naziri İqnazio Kassis də iştirak edib. Qətnaməyə 96 nəfər “lehinə”, 80 nəfər “əleyhinə” səs verib, 16 nəfər isə bitərəf qalıb.
Qətnamə İsveçrə hökumətini Azərbaycan və Qarabağdan gedən ermənilər arasında açıq dialoqu təşviq etmək üçün beynəlxalq sülh forumunu çağırmağa çağırır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İsveçrə parlamentinin bu addımı beynəlxalq hüquqa ziddir.
“Ümumiyyətlə, nə Dağlıq Qarabağ adlı ərazi, nə də Qarabağ adlı münaqişə var. Qondarma ad altında qəbul olunan hər hansı qətnamənin əsası yoxdur. Bu, “sülh” adı altında yeni münaqişə yaratmaq cəhdidir. İsveçrə parlamenti sülhdən danışırsa, ilk növbədə nəzərə almalıdır ki, sülh elə onun özünə lazımdır. Yaxşı olardı ki, İsveçrə parlamenti Korsika məsələsi ilə bağlı qətnamə qəbul etsin, Sakit okeanda Fransa müstəmləkəçiliyindən əziyyət çəkən və müstəqillik uğrunda mübarizə aparan ada xalqlarının hüquqları ilə bağlı qətnamə qəbul edib Fransa parlamentinə müraciət göndərsin. Olmayan məsələlər haqqında hər hansı süni konfrans keçirməkdənsə, yuxarıda dediyim istiqamətdə addımlar atılmalıdır”.
Deputat bildirib ki, bu cəhdlər beynəlxalq hüququn normallarına ziddir:
“Eləcə də Azərbaycan-İsveçrə münasibətlərinə xələl gətirir. Hesab edirəm ki, Azərbaycan məsələ ilə bağlı İsveçrəyə nota göndərməlidir”.