AZ

15 erməni, 26 maddə: Bakıdakı hərbi cinayətkarları ömürlük həbs GÖZLƏYİR

Bakıda həbsdə olan erməni hərbi cinayətkarların cinayət işi məhkəməyə göndərilib. Onlar Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlər törətməkdə ittiham olunurlar.

 

Prokurorluqdan bildirilib ki, 2 may 2024-cü il tarixdə Baş prokurorun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Baş Prokurorluğun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

 

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər Cinayət Məcəlləsinin azı 24 maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub

 

Erməni hərbi cinayətkarları hansı cəza gözləyir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Emil Aslanov bildirib ki, hərbi cinayətkarların ittiham edildiyi maddələr əsasən sülh və insanlıq əleyhinə olan cinayətlərdir:

“Burada 100-cü maddə təcavüzkar müharibəni planlaşdırma, başlama və aparma ilə bağlıdır. Sonra gələn 102-ci maddə isə beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücumla bağlıdır. Təkcə 100-cü maddə 12 ildən 20 ilə qədər yaxud ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan əlavə olaraq 103-cü maddə olan soyqırım maddəsi üzrə isə 14 ildən 20 ilə qədər yaxud ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

 

Vəkil qeyd edib ki, bu şəxslərə ömürlük həbs cəzası verilə bilər:

 

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 20 ilə qədər cəza verilməsi nəzərdə tutulur. Yəni şəxslərə 20 ilə qədər yaxud ömürlük həbs cəzası verilə bilər. 20 ildən artıq həbs cəzası verilməsi qanunvericilikdə nəzərdə tutulmur”.

 

Qeyd edək ki, cinayət işində adı hallanan şəxslər Arkadi Qukasyan, Arayik Harutyunyan, 

 

Bako Sahakyan, Davit İşxanyan Rubeni, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qurqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan və Erik Qazaryandır.

Seçilən
13
2
modern.az

3Mənbələr