Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən full kontakt karate üzrə uşaq, yeniyetmə, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatına yekun vurulub.
Karateçilərin paradından sonra Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəhbəri Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.
AKF-in kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmov da öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolu olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karate idman növünün ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı, qazanılan uğurların təməlidir.
Yarışın açılış və mükafatlandırılma mərasimində AKF-in idman karatesi üzrə vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, hüquq və intizam komitəsinin sədri Həmid Məmmədov, texniki və məşqçilər komitəsinin sədri Əhməd Əfəndi və qurumun digər üzvləri bir sıra kateqoriyalar üzrə qalibləri təltif edib.
Qeyd edək ki, ölkə birinciliyi və çempionatında 40-a yaxın klubdan 300-dən çox karateçi öz qüvvəsini sınayıb.
Medal sayına görə Xətai İdman Mərkəzi 1-ci, "KWF AZƏRBAYCAN" 2-ci, "İKO MATSUSHİMA" klubu isə 3-cü yerə layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar.