2024-cü il Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bir sıra irəliləyişlər qeydə alınıb. Rəsmi açıqlamaya görə, sülh sazişi layihəsi 17 maddə və preambuladan ibarətdir. Sözügedən maddələrin sadəcə 2-si üzrə razılıq əldə edilməyib.
Apress.az xəbər verir ki Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininn üzvü Elman Nəsirov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu il imzalanmayacağını indidən proqnozlaşdırmaq olar:
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi 2024-cü ildə də imzalanmadı. İndidən bu proqnozu vermək olar. Baxmayaraq ki, Ermənistan hakimiyyəti tez-tez 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyindən danışırdı. Əlbəttə, bu, mümkündür. Lakin gərək Ermənistan destruktiv mövqeyindən əl çəksin. Ermənistanın xarici işlər naziri sülh sülh sazişinin 17 bəndindən 15-i üzrə razılıq var. Söhbət 90 faiz razılaşmadan gedir. Ancaq Ermənistan bunu desə də, digər yandan ATƏT-in Minsk qrupunun buraxılmasının əleyhinə çıxır. Bununla Ermənistan nə demək istəyir? Yəni həllini gözləyən 10 faiz məsələni ATƏT-in Minsk qrupunun üzərinə qoymaq istəyir? O Minsk qrupuna ki, 30 il ərzində heç bir fəaliyyət göstərməyib. Əksinə Minsk qrupunun əsas vəzifəsi münaqişəni dondurmaq idi. Münaqişə artıq bitib, deməli, siyasi səhnəni ATƏT-in Minsk qrupu tərk etməlidir. Amma rəsmi İrəvan onun saxlanılmasında israrlıdır. Görünür, Ermənistana həmişə Azərbaycanla həllini tapmayan məsələlər lazımdır”.
E.Nəsirov 2025-ci ildə Zəngəzur dəhlizinin açılıb-açılmayacağı ilə bağlı isə bunları deyib:
“Hazırda həllini tapmayan əsas məsələ Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır. Bu, Ermənistan konstitusiyasında öz əksini tapıb. Ermənistan konstitusiyasında dəyişiklik baş verməlidir. Eyni zamanda Ermənistan 10 noyabrda imzalanan üçtərəfli bəyanatla Zəngəzur dəhlizinin açılması ilə əlaqədar öhdəlik götürüb. Üçtərəfli sənədin üzərindən 4 il keçsə də, bunu icra etmir. Ona görə də sülh müqaviləsi imzalana bilmir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, bizə yarımçıq sülh lazım deyil. Bizim üçün sülh müqaviləsinin bütün maddələri eyni qüvvəyə malikdir. Bizə təkmil, yəni kamil sülh lazımdır. Bu baş tutmazsa, bütün məsuliyyət Ermənistanın üzərindədir. Azərbaycan öz ərazi bütövlüyün tam və əbədi olaraq təmin edib. Ermənistan öz aqressiv siyasəti nəticəsində blokada şəraitindədir. Qoy, bunun dərdini Ermənistan çəksin”.