AZ

Tahir İmanov: "Yeri gəldi-gəlmədi "analoqu olmayan" deyirlər..." - FOTO

"Planeta Parni iz Baku" ŞHK teatrı aprel ayında "Analoqu olmayan" adlı üçgünlük konsert verəcək.

Konsertdə məşhur ŞHK-çılar Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Emil Abbasov və başqaları səhnəyə çıxacaqlar.

Hurriyyet.Az bildirir ki, Azərbaycanın əməkdar artisti, "Planeta Parni iz Baku" ŞHK teatrının bədii rəhbəri Tahir İmanov Trend Life-a müsahibə verib:

- Tahir, artıq qocalıbsınız?

- Yox, nədir ki?!

- Belədirsə, nə üçün konsertin posterlərində ŞHK-çılar qocalar təki qrimlənib?

- (gülür) Hə, axı bu "Analoqu olmayan" konsert olacaq. Posterlərdə səhnə obrazlarımızdır. Konsertin adına gəldikdə isə... İndi yeri gəldi-gəlmədi "analoqu olmayan" ifadəsini işlədirlər. Məsələn, klinika və ya restoran açılır, kaşı düzülür və ya ağac əkirlər, sonra da deyirlər "bu, analoqu olmayandır". Şübhəsiz, bizim unikal memarlıq inciləri, yeni müasir binalarımız və mədəniyyət mərkəzlərimiz var ki, onlar analoqu olmayanlardır, onlarla fəxr edirik.

- Bəs "Parni iz Baku"nu analoqu olmayan adlandırmaq olar?

- Əlbəttə, Azərbaycanda belə teatr yoxdur. Amma çox istərdik ki, belə teatr olsun. ŞHK həyatı əks etdirir. Həyatda nə maraqlıdırsa, zarafatlarımızda yerini tapır. Cəmiyyətimizdə bütün sahələrdə o qədər maraqlı hadisələr baş verir, müxtəlif adamlar öz açıqlamaları ilə elə şok yaradırlar ki, bizlər çörəksiz, tamaşaçılar da gülüşsüz qalmayacaq. Buna görə də maraq doğuran bir çox hadisələrə intellektual yumor vasitəsilə qiymət verəcəyik.

- Maraqlıdır ki, teatrınız yalnız məşhur ŞHK-çıların çıxışları ilə fərqlənmir - həm də gənc kadrlar yetişdirir. Kollektivinizin gənc kadrları sonralar başqa layihələrdə çalışır, seriallarda çəkilir, teatr səhnələrində oynayırlar.

- Heç şübhəsiz ki, ŞHK məktəbi intellektual səviyyəni, ünsiyyət bacarığını, təmas məharətini, intizamı yüksəldir, yaradıcılıq imkanlarını inkişaf etdirir. Təbii ki, yeni nəsil yetişir və bu, bizi sevindirir. Amma bu, çox çətin və zəhmət tələb edən işdir. Yetərincə kreativ, gənc, istedadlı gənclər var - lakin onlar intellektual inkişafa fikir vermirlər. Halbuki əsl ŞHK-çı yalnız istedadı yox, həm də yüksək intellekti ilə seçilir.

Buna görə də tamaşaçıları güldürməklə yanaşı, yumor vasitəsilə təqdim etdiyimiz problemlər barədə düşündürməyə çalışırıq.

phrase_var_article.chosen
6
1
hurriyyet.az

2phrase_var_article.sources