AZ

Aqil Abbas: “Kitab sevdiyin qız kimidir, sinənə qoyub yata da bilərsən”


 “Amma elektron kitab oxumaq əleyhqaz geyinib qızılgül iyləməyə bənzəyir”

Rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu komitənin iclasında deyib. Komitə sədri hazırda təkliflər üzərində işlədiyini və gələn il müzakirəyə təqdim edəcəyini bildirib: “Əvvəl rəqqaslar 20-22 il işlədikdən sonra təqaüdə çıxa bilirdilər. İndi isə rəqqaslar 65 yaşa kimi rəqqaslıqla məşğul olandan sonra təqaüdə çıxır. Bu, gülməli bir şeydir. Nazirlər Kabinetinin qərarı var ki, bu, 5 yaş azaldıla bilər. Xahiş etmişəm ki, məsələni müzakirə edək. Qanuna dəyişiklik edək ki, onlar rahat 20-22 ildən sonra təqaüdə çıxa bilsinlər və özlərinə layiqli təqaüd alsınlar. 65 yaşında da rəqqas olar?". 

"Onların da fikir və təkliflərini dinləyəcəyik"

Polad Bülbüloğlu bildirib ki, regionlarda fəaliyyət göstərən kitabxana və muzeylərin, o cümlədən musiqi məktəbi və mədəniyyət mərkəzlərinin rəhbərləri Milli Məclisə dəvət ediləcək. O qeyd edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi də bu məsələdə parlamentin Mədəniyyət komitəsinə köməklik göstərməyə hazırdır: “Mən bu təsisatlardakı vəziyyətlə yaxından maraqlanmaq, orada hazırda durumun necə olduğunu öyrənmək istəyirəm. Həmin şəxslərlə görüşümüzdə onların da fikir və təkliflərini dinləyəcəyik”.

"Kitabxanada Marksın, Engelsin kitabları olmalıdır"

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə çıxış edən millət vəkili Aqil Abbas deyib ki, kitabxanalarda Marksın, Engelsin kitabları olmalıdır, keçmişi də bilməliyik. Deputat bildirib ki, indi hamı öz cibindən kitab buraxdırır: “Özü kitab çıxaranlardan heç kim də kitabları kitabxanaya vermir. Məsələn, mən cibimdən hər ay 100-200 manat verib yazıçı, şairlərin kitablarını alıram. Bu gün elə kitabxanalar var ki, heç işləmir. Hamı elektron kitab oxuyur. Amma elektron kitab oxumaq əleyhqaz geyinib qızılgül iyləməyə bənzəyir. Kitab sevdiyin qız kimidir, sinənə qoyub yata da bilərsən. Kitabın iyisi, qoxusu var. Lenin kitabxanası ləğv olundu, oradakı kitabların hamısını aparıb tökdülər Binəqədi düzənliyinə. Gedib oradan kitab seçmişdim. Sonra dostumuz İlqar Əlfioğlu maşın-maşın oradan kitab seçib həbsxanalara apardı. Yəni ora ən qədim kitabxana idi, dağıtdılar”.

"Polad müəllimə dedim ki, bir biclik etmək olar..."

A.Abbas bildirib ki, kitabxana yaralı yeridir: "Bir dəfə Ağcabədinin Kəhriz kəndində muzey açmışdıq. İki qadın işləyirdi və aşağı maaş alırdılar. Onda Polad müəllim nazir idi. Dedim ki, onların maaşlarını artıraq. Onda bildirdi ki, maaşı Tarif Şurası artırır. Təklif etdim ki, bir biclik etmək olar. Dedim onların həyat yoldaşlarının birinə bağban, digərinə isə mühafizəçi ştatı verin. Onlar da işləyəndən sonra ikisinin də maaşı düzələcək". 

Seçilən
41
sherg.az

1Mənbələr