AZ

“Hər yazılan xəbərə inanmaq düzgün deyil, hər yazılan xəbər doğru deyil”

Məlum olduğu kimi, dekabrın 16-dan etibarən Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” Həftəsi elan olunub.

Bu çərçivəsində müxtəlif dövlət qurumları ilə birgə maarifləndirmə kampaniyaları həyata keçirilir.

Məqsəd cəmiyyətdə media savadlılığının artırılması, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulmasının təbliğ edilməsidir.

“Qafqazinfo” bu ərəfədə Mətbuat Şurasının sədri Rəşad Məcidlə həmsöhbət olub, müasir medianın problemləri, dezinformasiya, aldadıcı başlıqlı xəbərlərlə mübarizə, sosial medianın yaratdığı xaotik durum və digər məsələlərə toxunub.

R. Məcid bildirib ki, Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası bir yerdə son vaxtlar müxtəlif bölgələrdə tədbirlər keçirir və əsas mövzu media savadlılığıdır: “Yeni media haqqında qanunda da media savadlılığı ayrıca bölmə kimi yazılıb. Bu, ondan irəli gəlir ki, indi media deyəndə təkcə klassik media subyektləri yox, bloqerlər, influenserlər, yutuberlər cəmiyyətə xeyli informasiyalar ötürürlər. Burada istər-istəməz məsuliyyətsiz, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyalar çox olur ki, bu da insalara təsir edir. Ona görə də indi cəmiyyət üzvləri bilmədilirlər ki, hər yazılan xəbərə inanmaq düzgün deyil, hər yazılan xəbər doğru deyil”.

R. Məcidin sözlərinə görə, bu məsələlərlə bağlı Mətbuat Şurasının etik davranış qaydaları var. Bu qaydalarda açıq yazılır ki, xəbərin başlığı ilə mahiyyəti uyğun gəlməlidir: “Təəssüf ki, indi cəlbedicilik naminə belə hallar baş verir, vaxtilə də, bizim qəzetlərdə belə hallar olurdu ki, aldadıcı başlıqlarla oxucu cəlb etmək istəyirdilər. Amma bu cür populyarlıq ötəri, keçicidir. İndi sosial mediada bu cür əslində oxucunu aldadan, yalan informasiya ilə marağını çəkən başlıqlar olur. Son vaxtlar Mətbuat Şurasına sosial media istifadəçilərinin yazdıqlarından, yeni çıxan internet televiziyalardan şikayətlər gəlir. Çoxu ilə söhbət edəndə məlum olur ki, heç medianın mahiyyətindən, hansı prinsiplərin gözlənməli olmasından xəbərdar deyillər. Bu mənada, mən əvvəllər deyirdim ki, əlifbanı öyrənən kimi gedib qəzet açırlar. Çünki hədsiz sayda qəzetlər var idi. Lakin indi heç əlifbanı da öyrənməyə ehtiyac yoxdur, hərə telefonu qabağına qoyub ağlına, ağzına gələni danışır, insanlara təsir edir. Bu baxımdan media savadlılığı çox vacibdir və gündəmdə olan məsələdir...”

Mətbuat Şurasının sədri xəbərdə azyaşlılarla bağlı adların çəkilməsi məsələsinə də toxunub. O bildirib ki, xüsusən kriminal xəbərlərdə bu kimi hallara rast gəlinir: “Mətbuat Şurası bizim media subyektlərində belə hallar olanda onlarla bağlı müraciətlər edir və aradan qaldırılır. Peşəkar jurnalistlərimiz əsasən bu prinsipləri gözləyirlər və burada hansısa məsuliyyətsizliyə yol vermirlər. Amma dediyim kimi, indi cəmiyyətin gözündə bu media və jurnalist anlayışı o qədər genişlənib ki, sosial mediada olan bəzi xəbərləri də medianın xəbərləri kimi qiymətləndirirlər. Bu da qarışıq, xaotik bir dövrdür. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin atdığı addımlar bu məsələdə xeyli dərəcədə normal situasiya yaradıb. Hələ ki, bu proses davam edir. Biz xüsusən sosial medianın fəaliyyəti ilə bağlı narahatıq. Azərbaycanda peşəkar mətbuatın böyük ənənəsi var. Gələn il biz mətbuatımızın 150 illiyini qeyd edəcəyik. Bu ənənəyə əsaslanan peşəkar mediamız üstələyəcək, dezinformasiya yayan medialar sıradan çıxacaq. Dezinformasiya, misinformasiya, bir-birini şərləmək kimi hallara da təəssüf ki, indi bizim mətbuatımızda çox yol verilir. Amma bunun qarşısını vaxtında almalıyıq”.

Seçilən
19
2
sportinfo.az

3Mənbələr