AZ

Təxribata cavab belə olacaq: Bakıdan son xəbərdarlıq

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Son zamanlar Ermənistana gələn xarici ölkə təmsilçiləri və bəzi Avropa ölkələrinin bu ölkədəki səfirlərinin Azərbaycanla şərti sərhədə səfərləri təşkil edilir. Bu kimi səfərlərin təşkilində məqsəd nədir, nəyə diqqət çəkmək istəyirlər?

- Ermənistan tərəfi doğru-düzgün sərhəd qurmaq və onun mühafizəsini təşkil etmək iqtidarında deyil. 4 il öncə Azərbaycan qoşunları Ermənistanla şərti sərhədə çıxıb ərazi bütövlüyünü təmin edib. Azərbaycan öz tərəfindən sərhədin mühafizəsi istiqamətində bütün işləri görür. Artıq Azərbaycan özünün Dövlət Sərhəd Xidmətini əraziyə yerləşdirib. Erməni tərəfi isə bunların əksinə başqa addımlar atır. Bunun əvəzinə "Yerkrapa" terrorçu qruplaşmasının üzvlərini silahlandırıb şərti sərhədə yerləşdirirlər. Çünki sərhədi bu qayda ilə mühafizə etməyi bacarmırlar. Ona görə də, Avropa İttifaqının Ermənistandakı “missiyası”nın üzvlərini yerləşdiriblər. İndiki halda Ermənistana gələn qonaqları, səfirləri şərti sərhəddə danışmaqda əsas məqsəd həmin “missiya”nın davamlılığını təmin etməyə hesablanıb. Əslində missiyanın orada saxlanılması üçün vacib xərclər var. Avropa İttifaqında büdcəyə baxanda bu məsələ qabardılır və sual olunur ki, həmin “missiya” orada niyə saxlanılıb? Faktiki olaraq həmin “missiyanın” üzvlərinə ikiqat pul xərclənir.

- “Misiyanın” şərti sərhədə daimi olaraq saxlanılmasına dair verilən qərar nəyə hesablanıb?

- İddia edirlər ki, Aİ-nin “missiyası” orada durmaqla Ermənistanı Azərbaycanın guya mümkün təcavüzündən qoruyur. Çünki şərti sərhəddə gələn avropalı nazirin, deputatın gəlib orada binoklla Azərbaycan tərəfinə baxması ilə heç nə olmur. Bununla Azərbaycana hədə-qorxu gəlmək niyyətləri isə mənasızdır. Bu cür addımlarla Azərbaycana təsir etmək mümkün deyil.

- Bir müddət öncə yeni il ərəfəsində Zəngəzur istiqamətində hərbi təxribatın baş verəcəyi ilə bağlı fikirlər səslənirdi. Risklər nədən ibarətdir?

- Təxribat törədib bunun cavabının necə olacağını erməni tərəfi yaxşı bilir. Sonuncu dəfə təxribatlarına aldıqları sarsıdı cavab yaddlarından çıxmayıb. Azərbaycan əsgərinin yaralanması ilə nəticələnən hərbi təxribatın cavabı olaraq Ordumuz onların postlarını şəxsi heyətlə birlikdə darmadağın etdi. Bir daha anladılar ki, Azərbaycanla bu məsələdə zarafat etmək olmaz. Çünki bu cür hərəkətlər onlara baha başa gəlir.

- Sülh danışıqlarına bu amillərin təsirini necə dəyərləndirirsiniz? Sanki elə bir şərait yaratmağa çalışırlar ki, sülh prosesi yenidən arxa plana keçsin...

- Azərbaycanın sülhlə bağlı tələbləri var. Bu şərtlərə əməl olunmayınca hansısa sülhdən danışmaq olmaz. Hazırda danışıqlar davam edir. İndi sülh naminə yarımçıq sülh sazişini də imzalamaq olmaz. Hazırda şərti sərhəddə sakitlikdir, heç bir hərbi qarşıdurma yoxdur. Ona görə də, Avropa İttifaqının davamlı olaraq öz “missiyasını” şərti sərhədə göndərməsi heç bir məntiqlə izah oluna bilməz. Azərbaycan əraziləri işğalda olan dövrdə Aİ-ı bu məsələyə heç bir reaksiya verməyib. İndi isə onların şərti sərhədə gəlib binokulla ərazilərimizə baxması riyakarlıqdan başqa bir şey deyil.

- Ermənistanı sülh məsələsində tələsdirənlərin məqsədi nədir?

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra rəsmi Bakıya qarşı müəyyən tələblərlə çıxış etmək niyyətləri var. Qarabağdan könüllü getmiş ermənilərlə danışıqların aparılması, onların təhlükəsizliyi və şərəfli qayıdışı kimi absurd iddiaları məhz sülh sazişindən sonra gündəmə gətirmək istəyirlər. Ona görə də, burada hər şey qarşılıqlı olmalıdır. Ermənistan Qərbi Azərbaycanlıların tarixi ata-baba torpaqlarına təhlükəsiz şəkildə qayıdıb yaşamasına dair danışıqlar aparacaqsa, o halda Qarabağ erməniləri ilə bu mövzuda danışmaq olar.


Müəllif: Tapdıq Qurbanlı
phrase_var_article.chosen
16
2
teleqraf.com

3phrase_var_article.sources