AZ

Banklar kreditin ödəndiyi barədə arayışı da müştəriyə müftə vermirlər- anormallıq...

Image

Hüseyn Axundov: “Arayış vətəndaşa pulsuz verilir, bank buna görə vətəndaşdan ödəniş tələb edə bilməz

Azərbaycanda banklar vətəndaşlara verdiyi kreditin tam ödəniləndən sonra bağlanmasına dair arayışı pulla verir. Bankdan “Təmizlik kağızı” adlanan arayışı almaq üçün xidmət haqqı ödənilməlidir. Belə ki, kreditin son ödənişini edən vətəndaş bununla bağlı bankdan rəsmi sənəd almaq üçün ödəniş etməlidir. 

Qiymətlər isə 20, 30, 50 manat arasında dəyişir. Əvəllər sözügedən arayış üçün 10 -15 manat ödənilirdisə, indi bu məbləğ 50 manata qədər yüksəlib.

Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən, banklar istehlak kreditinin bitməsi ilə bağlı vətəndaşdan arayışa görə pul tələb edə bilməz. 

“Yüksək faizlə kredit verdikləri bəs deyilmiş kimi, hələ kreditin bitməsi ilə bağlı arayışa görə pul tələb olunması insafsızlıqdır”

Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ötən il Mülki Məcəlləyə dəyişiklik edilib. Dəyişikliyə əsasən, istehlak krediti götürən şəxs il ərzində iki dəfə  borcun qalığı ilə bağlı yazılı formada arayış ala bilər: “Həmçinin, borcun bitməsi ilə də bağlı vətəndaş bankdan arayış ala bilər. Arayış vətəndaşa pulsuz verilir. Bank buna görə vətəndaşdan ödəniş tələb edə bilməz. Hansısa bank kredit ödənişinin bitməsi ilə bağlı arayışa görə vətəndaşdan vəsait tələb edərsə bu qanunsuzdur: “Bəzi banklar vətəndaşların bu haqda məlumatlı olmamasından istifadə edib arayışa görə pul tələb edir. Bu vəziyyətlə üzləşən insanlar aidiyyəti qurumlara müraciət etsinlər. Onu da deyim ki, bank əməkdaşı vətəndaşın kredit tarixçəsinə nəzər yetirsə, onun borcu olub-olmamasını öyrənə bilər. Buna görə vətəndaşı əziyyətə salmaq düzgün deyil. Banklar sanki insanlara əziyyət vermək, onların pullarını mənimsəmək üçün fəaliyyət göstərir. Yüksək faizlə kredit verdikləri bəs deyilmiş kimi, hələ kreditin bitməsi ilə bağlı arayışa görə pul tələb olunması insafsızlıqdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu xidmət ondan müəyyən xərc tələb edirsə, bunu deyə bilər və onu istəyə bilər: “Amma kompüterdən bir A4 vərəqi çıxarıb üstünə möhür vurmağın maliyyəti 30-50 manat ola bilməz axı?! Bu gülməli bir şeydir. Bunun qiyməti Azərbaycan reallığında maksimum 2 manat ola bilər. Yəni bu məsələ məhkəməyə getsə, məhkəmə qətiyyətlə onların boynuna elə bir öhdəlik qoyacaq ki, sən bunu vermək məcburiyyətindəsən, çox cuzi bir məbləğ qarşılığında. Bu da maksimum 1-2 manat arasında qiymət olar”.

Günel CƏLİLOVA





Seçilən
14
baki-xeber.com

1Mənbələr