AZ

Allaha savaş açan kimlərdir? - Tural İrfan yazır

Bəziləri dindən danışanda əxlaqi prinsipləri, etiqad əsaslarını, irfani yönləri bir kənara qoyub yalnız İslam tarixinin ziddiyətli məqamlarını, ixtilaflı nöqtələrini, çaxnaşmaları gündəmə gətirir, özlərinə xütbə mövzusu seçirlər.
Bu, yalnız xarici təxribatçı maraqlara xidmət edərək ya radikalizm ya da məzhəb ixtilafı, düşmənçilik yaradır. Din bunu qadağan edir. Quranda Allah fitnəni, insanların eyiblərini açmağı, ziddiyyət yaratmağı yasaqlayır. Ələlxüsus da ki, gəlib çatmış tarixi mətnlərin özünün də ziddiyətli olmasını nəzərə alsaq deyə bilərik ki, tarix Quran ayəsi deyil və yalnız onun ibrət alınası müsbət tərəfindən bəhrələnməliyik.
Bir qism din adamı, bəzən də bəzi din xadimləri ola bilsin özlərini daha savadlı göstərmək, elektorat toplamaq üçün başqalarından fərqlənmək naminə qəliz ifadələrlə, cəmiyyətin bütün təbəqələrinin anlaya bilməyəcəyi tərzdə çıxışlar edirlər. Hətta təhsil aldıqları ölkənin dialektində, ləhcəsində, dilimizi təhrif edərək danışırlar. İbtidai dini məsələlərdən xəbərsiz olan, şəhadət kəlməsini mənası ilə birgə tam bilməyən əksəriyyətə üsuli-fiqhin ixtilaflı mövzularından, mütəşabih ayələrin təfsirindən, ziddiyyətli hədis mətnlərindən danışıb beynləri qarışdırmaq, sadə insanlarda çaşqınlıq yaratmaq özündən müştəbehlikdir.
Sən haçan İslam əxlaqını, ibtidai ehkamları, dinin şərt və üsulunu, əlifbasını öyrətdin ki, diqqət cəlb etmək üçün dərinliyə də gedirsən? Sənin təbliğ etdiyin adamlar sosial şəbəkələrdə filankəsin filankəsi hansı əlindəki qılıncla öldürdüyünü detallarına qədər deyərək mübahisə etdiyi digər müsəlmanı ağır söyüşlərlə təhqir edirsə demək sən İslam əxlaqı əvəzinə fitnə, fəsad, fücur təbliğ etmisən Allah evində...
Bəzən də tam üzə bilmədiyin dərinliyə baş vurub özün də boğulursan, sənə qulaq asanları da özünlə bərabər qərq edirsən...
Bu nöqsanlara görə də inanclı təbəqənin əksəriyyətinin din bilgisi natamam və naqisdir, xurafata meyllidir. Allahın varlığını, xüsusiyyətlərini anlatmamış şəxsiyyətə pərəstişə keçirlər. Tarixi şəxsiyyətləri, Peyğəmbər, İmam kimi simaları ilahiləşdirib tanrı qismində qəbul edirlər. Çünki sabitqədəm, stabil bir xətt üzrə, proqram əsasında anladılmır din.
Hərəsi bir mövzudan, hərəsi bir mənbədən danışır. Ümumiyyətlə din xadimlərinin xütbə və çıxışlarının mənbəyi araşdırılırmı ki, hansı dini mətnə əsasən təbliğat sistemlərini qururlar? Görünən odur ki, bəziləri hətta qadağan olunmuş mənbələrdəki qeydləri çıxışlarının tərkib hissəsi olaraq seçirlər. Qurandan danışanlar nadirdir. Danışanlar da Quranı fars ideoloji-siyasi xəttinə uyğun təfsir edir. Demək istifadə etdiyi mənbə xarici dövlətin milli siyasi doktrinasından qaynaqlanır. İslam ümmətinin qəbul etdiyi ortaq mənbələr, təsirlər gələ gözə dəymir.
Məzhəbçiliyin, ixtilafın, radikalizm və dini xurafatın qarşısını almaq üçün vahid təbliğat proqramı hazırlanmalıdır sağlam din xadimlərinin özlərinin iştirakı ilə. Qoy biri ala dağdan, biri də qara dağdan danışmasın. Sabah da deməsinlər ki, filan məzhəbin baxışı nəzərə alınmayıb, tərəfkeşlik olub və s.
Bir dəfə bir şəxs mənə dedi ki, məscidə daha getmirəm. Səbəbini soruşdum, dedi məscidlərdə edilən söhbətlər adamın beynini qarışdırır, hərəsi bir söz danışır, bilmirsən hansı düzdür...
Əgər müsəlman dini icmaları qeydiyyata alınanda məzhəb üzrə deyil, İslam dini üzrə qeydə alınırsa bəs necə olur fəaliyyətə başlayanda İslam dinindən yox, İslam adı qoyduqları məzhəbçilik fundamentalizmindən, təriqət prinsiplərindən danışıb vahid İslam mövqeyini kənara qoyurlar? Əgər məzhəbindən asılı olmayaraq bütün müsəlmanların eyni məsciddə eyni imam arxasında namaz qılmasını istəyiriksə gərək o xətib, o imam məzhəbçiliyi kənara qoysun, özünün məzhəbindən yox, camatın dinindən danışsın. Əgər camaata xidmət edirsə. Yox, öz maraqlarına xidmət edirsə, bu başqa məsələ...
Heç bir məzhəb tam şəkildə İslam dinini təmsil edə bilməz. Məzhəblər İslamın parçalanmış formasıdır. İslamı insana bənzətsək, deyə bilərik ki, bu adamı parçalayıblar, biri qolunu götürüb, biri qıçını, biri başını, digəri ayağını və s.
Əsl din xadimi, əsl müsəlman, nümunəvi mömin odur ki, o İslamdan danışanda və əməlində hansı məzhəbdən olduğunu büruzə verməsin. İnancında qala bilər, öz məzhəbini doğru saya bilər. Ancaq xitab etdiyi, arxasıyca apardığı insanları öz məzhəbinə məhkum edə bilməz. Sən öz məzhəbinin haqq olduğunu deyə bilərsən, ancaq haqqın yalnız sənin məzhəbin olduğunu deyə bilməzsən.
İslam dini bir məzhəbə sığacaq qədər cılız din deyil. İslam özündən 600-dən artıq təriqət, məzhəbin ayrılmış olduğu nəhəng dindir. İslam o məzhəblərə möhtac deyil, məzhəblər dinə möhtacdır.
Əgər hansısa din xadimi danışanda onun məzhəbi bəlli olursa ya qəsdən edir ya da hələ püxtələşməyib.
Məzhəbçilik, təriqətçilik, ayrıseçkilik dinin və həyatın düşmənidir. Quranda Allah hər cürə təriqətçiliyi, ayrılmağı haram edir. Habelə Allah Quranda inananları məzhəb adları ilə deyil, vahid bir adla, müsəlmanlar adlandırır. Lakin müsəlmanlar Allahın əlinə olaraq özlərini sünni, şiə, sələfi, xələfi, hənəfi, cəfəri və s. adlandırırlar...
Bunların hamısı birmənalı şəkildə Allaha savaş açmaqdır. Min bir bəhanəyə heç bir əsas və yer yoxdur. Konkret olaraq Allah təala Quranın Ali İmran surəsinin 103-cü ayəsində əmr edir:
"Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz."
İndi buyursun, istəyən doğru yola gəlib özünü müsəlman adlandırsın, istəməyən də Allahın əmrinin əksinə olaraq özünü hansısa məzhəblə adlandırsın...
Tural İrfan, ilahiyyatçı
Seçilən
23
news365.az

1Mənbələr