AZ

Gültəkin Hacıbəylinin “NKVD”çiliyi

Müxalifəti zəiflədən yalançı demokratların düşüncələridir. 

Bu yalançı demokratlar olmasaydı, müxalifət indiki qədər zəif olmazdı. Beyinlərini Stalin “NKVD”çiliyi yuyan bu adamların hesabına bütün müxalifətə xalqın etimadı sarsılıb, sosial bazadan məhrum olub. Texnologiyanın indiki inkişaf mərhələsində cəmiyyət üçün yalan və doğrunu ayırd etmək o qədər də çətin deyil. 

İnformasiya, məlumat bir an içində həqiqətləri üzə çıxarır. Xüsusən də sosial şəbəkələr bunu daha da asanlaşdırır. Kimin nə düşündüyünü, nəyə qadir olduğunu sosial şəbəkələrdə az vaxtda aydınlaşdırmaq mümkün olur. 

Məsələnin mahiyyətinə keçməzdən öncə onu xüsusi vurğulayaq ki, demokratiya düşüncə və fəaliyyətin vəhdətidir. Bir zaman müxalifətin güclü olmasının səbəbi bu idi. O zamanlarda özünü müxalifət hesab edənlər demokratik düşüncə tərzinin daşıyıcları olduqlarını iddia edir, fəaliyyətləri ilə düşüncələrinin adekvatlığına çalışır, ən azı bu görüntünü yaradırdılar. İndi isə Stalin “NKVD”si, İŞİD, “Əl-Qaidə” kimi cəmiyyətdə qorxu, xof yaratmaqla, öz qorxulu siyasi ambisiyalarına çatmaq üçün bütün variantlardan istifadə etmək fikirlərini gizlətmirlər. Elə ona görə də sosial baza da gedib, dəstək də... 

Demokratiyadan, insan haqlarından ağızdolusu susmadan danışıb statuslarında “NKVD” düşüncəsi ilə xalqı yox, ancaq özünü aldatmaq olar. Suriyada 50 illik Əsəd hakimiyyətini devirən “Heyət Təhrir Əl-Şam”ın rəhbəri Əl-Colani belə əvvəllər sırasında olduğu “Əl-Qaidə”, İŞİD, özünün yaratdığı “Əl-Nüsra”dan imtina edib, yanaşma fəslsəfəsinin dəyişdiyini, zülmə, qisasa qarşı olduğunu deyir ki, mənsub olduğu cəmiyyət onu qəbul etsin. Bütün dünyaya demokratiya vədi verir. Demokratik quruluşdan bəhs etməklə, Suriya xalqının etimadını qzanmaq istəyir. 

Bizim ölkəmizin Faiq Ağayev demişkən,  “nömrə 1” müxalifətçiləri isə seçkisinə qatılmağa cürət etmədikləri ölkənin insanlarını hədələməkdən çəkinmirlər. Özü də elə bir formada ki... 

Allah göstərməsin, onlar hakimiyyət sahibi olsalar, bu düşüncə ilə Jan-Badel Bokassadan da irəli gedərlər. Siyasi mübarizəni hansı formada aparmaq, liberal, konstruktiv və ya radikal mübarizə üsullarından birini seçmək hər bir şəxsin, təşkilatın subyektiv seçimidir. Buna normal yanaşmaq da, seçilən metoda tərəfdar olmasan da, nəzəri cəhətdən üstündən sükutla keçmək olar. Mitinq, piket, nümayiş və s. kimi etiraz formalarından istifadə etməklə, siyasi ambisiyaları gerçəkləşdirmək də mümkündür və cəmiyyət buna seyrçi yanaşa da bilər. 

Yəni bütün bunlar arzuolunan olmasa belə, müəyyən qaydalar çərçivəsində olarsa, yenə də qəbullanmaq olar. Təbii ki, sivil cəmiyyətlərdə mübarizə üsulu seçki sayılır. Təəssüf ki, özünü radikal müxalifət sayanlar bu texnologiyadan istifadədə maraqlı olmurlar. Onlar üçün dağıdıcılıq bir mübarizə metodu olaraq ilk pillədə dayanır. Bu da əməl, fikir və idarəetmənin uzlaşmayan konturları səbəbindən cəmiyyətin etimadını itirməkdən irəli gəlir. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) uzun illərdir Əli Kərimlinin rəhbərliyi altında özünün radikal müxalifət obrazını yaradıb və dağıdıcı fəaliyyət növünü əsas mübarizə üsulu olaraq seçib. Onun altqurumuna çevrilən Milli Şurada da eyni zehniyyət hökmranlıq edir. O qədər aqressivləşiblər ki, artıq insanları təhdid etməkdən belə çəkinmirlər. Onlardan biri də Milli Şuranın rəhbərliyində təmsil olunan Gültəkin Hacıbəylidir. 

Gültəkin Hacıbəylini artıq radikal müxalifətin fəaliyyət prinsipləri də qane etmir və ona görə də fəaliyyətlərinin qisas üzərində qurulacağını açıq bəyan edir. Gültəkin Hacıbəylinin yazdığı son statusla tanış olanlar özündən başqa heç kimi real müxalifət saymayanların hansı düşüncədə olduğunu daha dəqiq anlayar və bu düşüncə tərzinin Azərbaycanda nələrə qadir olduğunu real olaraq hiss edər. 

Gültəkin Hacıbəyli həmin statusunda yazır: "Bəşər Əsəd Rusiyaya qaçanda uçağında tonlarla qızıla və dollara yer tapılıb, ancaq dost-doğmaca dayısı oğlu, “Sednaya” həbsxanasının rəisi Təllal Məxlufa yer olmayıb. Almaniyanın xarici işlər naziri Annalena Berbök dünən açıqlama verərək, bu zir-zibilə “Almaniyaya gəlib buranın gül kimi havasını zəhərləməyin, onsuz da sizi ölkəmizə buraxan deyilik” mesajını göndərdi. Görəsən, zamanı gələndə məhkəmələrdə bizi şərləyən üzdəniraq hakimlər, həyasız, sırtıq vəkillər, ayaqqabı cındırından da cındır üzəduranlar qaçıb hansı siçan deşiyində gizlənəcəklər? Afrika səhrasından da, Antarktidada pinqvinlərin qanadının altından da olsa, tapıb gətirəcəyik. 

Ürəklərini bum-buz saxlasınlar". 

Bunu nə İmralıdan Öcalan deyir, nə Qəndildən Murad Qarayılan, nə də Əbu Hüseyin el-Kureyşi , bunu Əli Kərimlinin yanındakı qara eynəkli Gültəkin Hacıbəyli yazır. Bəli, doğru deyir. Onların düşüncəsi budur. Əgər əllərində fürsət olsa, gətirəcəklər və öldürəcəklər, həbs edəcəklər, zülüm-zülüm işgəncələr verəcəklər. Bir sözlə, Stalin dövrünün “NKVD”si olacaqlar, Yemelyanovluq edəcəklər. Gültəkin Hacıbəylinin də üzv olduğu Milli Şuranın, Əli Kərimlinin siyasi düşüncəsi bacardıqları qədər qisas almaq olacaq. 

Bəs gündə palaz-palaz demokratiyadan danışmağınız hara getdi? 

Gültəkin Hacıbəylinin də mandatını itirdikdən sonra sırasına qoşulduğu təşkilat, Əli Kərimli axı "demokratiya" uğrunda mübarizə apardıqlarını deyir. Yemelyanov düşüncəsi ilə demokratiya bir araya sığmır! Deməli, yalan deyirsiniz! Sizin əsl üzünüz “NKVD”çilikdir. Gültəkin Hacıbəyli bu status ilə cəmiyyətə dolğun bir mesaj verməklə yanaşı, həm də maskanızı üzünüzdən götürdü… 

Seçilən
15
cebheinfo.az

1Mənbələr