AZ

Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır

Xaçmazda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Allahverdi Mustafayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

hakimiyyet.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki rəsmi məlumata görə, 2023-cü il yanvarın 6-da Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttiham aktına əsasən, Allahverdi Mustafayev qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Aynur Əhmədova ilə 2021-ci ilin oktyabr ayından ona qarşı soyuq münasibət bəsləməsindən, habelə yaşadıqları fərdi yaşayış evinin həyətindən ona məxsus olmayan siqaret kötüklərini tapmasına görə zərərçəkmiş şəxsi başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələnib.

O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadını öldürmək qərarına gəlib. Hadisə günü sərxoş olan Allahverdi evdə azyaşlı övladlarının gözləri qarşısında mətbəx bıçağı ilə Aynurun bədəninə bir neçə zərbə endirərək ona xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Allahverdi Mustafayev məhkəmədə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, sərbəst ifadəsində və sualları cavablandırarkən deyib ki, hər bir ailədə olduğu kimi, həmin günü də onun ailəsində məişət mübahisəsi olub. Hadisə ailə mübahisəsi səbəbindən baş verib. Arvadını öldürmək niyyəti olmayıb, içkili imiş. Olay günü əsəbiləşib və qorxutmaq niyyəti ilə Aynuru bıçaqla vurub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Seçilən
15
3
hakimiyyet.az

4Mənbələr