“Yaşıl dünya namininə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə dekabrın 21-də “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, kitablar, müxtəlif qida məhsulları və s.) əldə edə biləcəklər.
Maraqlı viktorinalar, müxtəlif master klasslar ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədi ilə keçirilir.
Qeyd edək ki, festival Xətai rayonu, “Gənclik” parkında saat 12:00-14:00-da keçiriləcək.