AZ

Professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub

Naxçıvan Bölməsi kollektivinin iştirakı ilə keçirilən görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qonağı salamlayıb. Azərbaycanlı alimlərin dünya elminə verdikləri töhfələri yüksək qiymətləndirən akademik qeyd edib ki, xaricdə yaşayan hər bir azərbaycanlı alim elmə yanaşı, həm də öz vətənini, xalqını uğurla təmsil edir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, bölmənin sədri akademik İsmayıl Hacıyev qonağı kollektivə təqdim edib və bildirib ki, Məsud Əfəndiyev Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, professordur. O, Almaniya hökumətinin təsis etdiyi dünya elmində ən yüksək təltiflərdən sayılan “Aleksander fon Humboldt” mükafatını almış ilk azərbaycanlıdır. Alim Almaniyanın müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Həmçinin Dünya Azərbaycanlı Alimlər Birliyinin yaradılmasının təşəbbüskarı və rəhbəri, çoxsaylı elmi əsər və araşdırmalar müəllifidir. Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 21 aprel 2022-ci ildə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib. 

Akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin yaranma tarixi, strukturu, fəaliyyətinin əsas istiqamətləri və əldə olunan elmi nəticələr haqqında qonağı bilgiləndirib, sonda qonağa kitab hədiyyə edib.

Yığıncaqda çıxış edən professor Məsud Əfəndiyev Naxçıvana gəlişinin məqsədindən danışıb, Almaniyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlərlə bağlı bəzi statistik göstəriciləri diqqətə çatdırıb. Ölkədən kənarda yaşayan azərbaycanlı alimlərin təşkilatlanması və əlaqələrinin genişləndirilməsi məqsədilə təsis olunmuş Dünya Azərbaycanlı Alimlər Birliyi barədə məlumat verib. Xoş təəssüratlarını iştirakçılarla bölüşüb. 

Sonda alim ona ünvanlanan sualları cavablandırıb.

Professor həm də bölmə alimlərinin nəşr olunmuş əsərlərindən ibarət sərgi ilə tanış olub, öz təəssüratlarını bölüşüb.

Səbuhi HƏSƏNOV,
“XQ”nin bölgə müxbiri

 

Seçilən
17
xalqqazeti.az

1Mənbələr