AZ

Coğrafiya İnstitutu ilə hidrometeoroloqların fərqli mövqeyi: Qış sərt keçəcək?

AMEA Coğrafiya İnstitununun şöbə müdiri Ənvər Əliyev bu il Azərbaycanda qışın çox sərt keçəcəyi proqnozu ilə çıxış edib. O, hesab edir ki, bu, son 30-40 ilin ən soyuq qışı ola bilər.

Bunu Teleqraf.com-a açıqlamasında Ənvər Əliyev deyib ki, bu qənaətə gəlməyinə bir neçə səbəb var:

“Köhnə iqlim göstəriciləri bizə onu deməyə əsas verir ki, bu qış sərt keçəcək. Azərbaycan ərazisində qışın çalarları məlumdur. Hələ ötən əsrin 70-ci illərinə qədər ölkəmizdə qış daha sərt keçirdi. 40-50 ildən bir belə sərt qış təkrarlanır.

Çoxillik göstəricilərə baxanda, məsələn, Xəzər dənizinin proqnozları da bunu deməyə əsas verir. Xəzərin 200 milyon yaşının 50-60 milyonunda dəniz formalaşıb. Dənizdə qalxma-enmələr daim təkrarlanıb. Yəni suyun səviyyəsi müəyyən illərdə qalxıb, müəyyən illərdə enib. Bəzən müəyyən hissəsi quruyub zolaq əmələ gətirib.

Siviliziyasının yaddaşında son iki əsrdə aparılan tədqiqatların nəticələri mənim dediklərimi təsdiqləyir.

Bu ilin noyabr ayından yüksəkliklərə qar yağıb. Naxçıvana keçən il 40 faiz artıq yağıntı düşüb. Azərbaycan ərazisindəki çaylardakı daşqınlar onu göstərir ki, bu hadisələr baş veribmiş, indi də təkrarlanır. Qış sərt keçəndə Xəzərdə də suyun dərəcəsi artacaq, sahillər yenidən genişlənəcək”.

Coğrafiyaşünasın səsləndirdiyi fikirlərə cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun açıqlamasında bildirib ki, fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq. Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır:

"Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur”.


Müəllif: Nərmin
Seçilən
26
4
teleqraf.com

5Mənbələr