AZ

Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY

Ermənistan öz yurisdiksiyasından kənarda hər hansı nəqliyyat kommunikasiyasına icazə verməkdən imtina edir

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, heç bir Zəngəzur dəhlizi olmayacaq: "Biz artıq dəfələrlə təkrar etmişik ki, bu olmayacaq (Zəngəzur dəhlizini nəzərdə tutur - red.)", - deyə jurnalistlərə açıqlama verən Qriqoryan vurğulayıb.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Sultan Zahidov bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra dəhliz məsələsində dəyişməz mövqedədir:


"Qriqoryanın açıqlamasında heç bir yenilik yoxdur. Ermənistan öz yurisdiksiyasından kənarda hər hansı nəqliyyat kommunikasiyasına icazə verməkdən imtina edir. Əslində, bu mövqe üçtərəfli bəyanatın 9-cu maddəsini icra etməmək məqsədini daşıyır. Son dövrlərdə Azərbaycan Zəngəzur dəhlizi məsələsini əvvəlki qədər ön plana çıxarmır. Bunun əsas səbəbi Azərbaycanın prosesi sürətləndirmək və regionda sabitlik, təhlükəsizlik, həmçinin iqtisadi inkişafı təmin etmək istəyi ilə bağlıdır. Nəticədə, Zəngəzur dəhlizi məsələsi sonrakı mərhələlərin müzakirələrinə saxlanılıb. Hazırda əsas diqqət sülh prosesinin sürətləndirilməsinə yönəlib. Sülh prosesinə mane olan bir sıra əngəllər var. Əsasən iki maddə üzrə razılıq əldə olunmayıb. Bu gün ölkə başçısı qeyd etdi ki, həmin maddələrdən biri Ermənistanın beynəlxalq məhkəmə iddialarından imtina etməsi, digəri isə Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəflərin müdaxiləsinin olmamasıdır. Bu məsələlərlə bağlı hələ də yekun razılaşma əldə edilməyib. Ermənistanın militarizm və revanşizm siyasəti də sülh prosesini çətinləşdirən amillərdən biridir. Buna misal olaraq Ermənistanın hərbiləşdirilməsi və bu prosesdə Fransanın verdiyi dəstək göstərilə bilər. Əlavə olaraq  Ermənistan Konstitusiyasının preambulası və digər müvafiq sənədlərində Azərbaycana qarşı ərazi iddiaları açıq şəkildə ifadə olunub". 

Ekspert əlavə edib ki, bu səbəblərdən Zəngəzur dəhlizi məsələsini indi müzakirəyə daxil etmək prosesin daha da uzanmasına gətirib çıxara bilər:
" Azərbaycan isə hazırkı mərhələdə sülh prosesinin qısa müddətdə tamamlanmasına və digər nəqliyyat kommunikasiyası layihələrinin, o cümlədən Zəngəzur dəhlizinin növbəti mərhələdə müzakirəsinə üstünlük verir".

Seçilən
19
sherg.az

1Mənbələr