AZ

Vəkilliyə qəbul üzrə keçirilən test imtahanında 240 namizəd uğur qazanıb

Dekabrın 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına (NMRVK) vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

Vəkillər Kollegiyasında verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 365 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.

Belə ki, 3 saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 356 nəfər iştirak edib. ARVK-ya qəbulla bağlı test imtahanında iştirak edən namizəddən 235 nəfəri, NMRVK-ya sənəd verən 5 namizəddən isə 3 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak ediblər.

ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 2025-cü il yanvarın 7-dən fevralın 7-dək sənədlərini təqdim etməlidirlər. Sənədlərin siyahısı Vəkillər Kollegiyasının rəsmi internet saytında yerləşdirilib.

Qeyd edilib ki, NMRVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.

Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaq.

ARVK-ya və NMRVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərin iş nömrələri də kollegiyanın internet ünvanında yerləşdirilib.

phrase_var_article.chosen
41
8
yeniazerbaycan.com

10phrase_var_article.sources