AZ

Azərbaycanda faizlər niyə dəyişmədi? - açıqlama

Vüqar Bayramov: “AMB faiz qərarını mövcud inflyasiya səviyyəsi və makroiqtisadi parametrləri nəzərə alaraq verib”

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25 faiz, faiz dəhlizinin aşağı həddinin 6.25 faiz, faiz dəhlizinin yuxarı həddinin isə 8.25 faiz səviyyəsində saxlanmasına dair qərar qəbul edib. Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2 faiz) olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub.

Tənzimləyici bildirir ki, oktyabrın noyabrın 1-də keçirilən ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu daxilində qalıb. Belə ki, 2024-cü ilin noyabr ayında 12 aylıq inflyasiya 4.4 faiz təşkil edib. İllik qiymət artımı ərzaq malları üzrə 4.4 faiz, qeyri-ərzaq malları üzrə 2.2 faiz, xidmətlər üzrə 6 faiz təşkil edib. Beləliklə, ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub: “İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Ötən ilin eyni dövrü ilə müqayisədə qlobal əmtəə qiymətləri indeksi cəmi 0.7 faiz artıb (Beynəlxalq Valyuta Fondu). Həmçinin ilin ötən dövründə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 11 ayında 7.1 faiz) möhkəmlənməsi idxal inflyasiyasının azalmasına əlavə töhfə verib”.

Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 9 ayda 4 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 7.2 faizi səviyyəsində olub. Cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin 11 ayında 5.6 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

Mərkəzi Bankdan verilən məlumata görə, əlverişli xarici sektor göstəriciləri şəraitində valyuta bazarında sabitlik qorunur, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilir: “Mərkəzi Bank öncədən açıqlandığı kimi birdəfəlik dövlət xərclərini qarşılamaq üçün 2023-cü ildə daxili bazardan aldığı xarici valyuta hesabına 2024-cü ilin noyabr ayında da planlı şəkildə valyuta satışı həyata keçirib. Buna baxmayaraq, 2024-cü ilin noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 10.9 milyard ABŞ dolları təşkil edib. Bu da beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir. Məsələn, Mərkəzi Bankın valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Oktyabr proqnozuna görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5.5 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir”.

AMB pul siyasəti alətlərini maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edir. Buna görə də Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 4.6 dəfədən çox azalıb. Noyabr ayında və dekabrın ötən dövründə 1D AZIR indeksi müvafiq olaraq 7.66 faiz  və 7.79 faiz olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi noyabrda 627.3 milyon manat, dekabrın ötən dövründə isə 402.3 milyon manat olub: “Müsbət hal kimi qeyd olunmalıdır ki, son dövrlərdə maliyyə sektorunun dayanıqlı maliyyələşmə mənbələri genişlənir. Bu da pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi və maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində aparılan ardıcıl islahatların nəticəsidir. Belə ki, cari ilin 11 ayında milli valyutada yerləşdirilmiş müddətli əmanətlərin unikal sayında 30.3 faiz, həcmində isə 20.9 faiz (945.3 milyon manat) artım qeydə alınıb. Bu müsbət dinamika milli valyutaya olan etimadın da bariz göstəricisidir”.

AMB-yə görə, ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməsə də, potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklər qalır: “Mövcud geosiyasi gərginlik fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi idxal inflyasiyasının artımı ilə bağlı risklər yaradır. Aparıcı iqtisadiyyatlarda monetar şəraiti yumşalmağa başlasa da, ümumilikdə sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 6.5 faiz) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Noyabrda son 1 il ərzində bank sisteminin kredit portfeli 19.6 faiz, o cümlədən biznes kredit portfeli 18.7 faiz artıb. Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2 faiz) olacağı proqnozu dəyişməz qalır”.

Vüqar

Vüqar Bayramov

 Tənzimləyici bildirir ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq: “Mərkəzi Bank davamlı olaraq iqtisadi prosesləri təhlil edir və maliyyə bazarlarını izləyir. Mərkəzi Bank əsas mandatından irəli gələrək qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməkdə qərarlıdır”.

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, AMB faiz qərarını mövcud inflyasiya səviyyəsi və makroiqtisadi parametrləri nəzərə alaraq verib: “İnflyasiya səviyyəsi hazırda hədəf diapazonu daxilindədir. Buna görə də Mərkəzi Bank praktik olaraq faizləri dəyişməz saxlamağı üstün tutub. Makroiqtisadi parametrlər, xüsusilə xarici ticarət balansındakı müsbət meyllər də bu qərara əsas verib. Biz il ərzində nəyi müşahidə etdik: əvvəla, inflyasiya hədəfdən kənarlaşmadı; ikincisi, makroiqtisadi sabitliklə bağlı Mərkəzi Bankın proqnozları özünü doğrultdu. Düşünürəm ki, bu amilləri nəzərə almaqla, verilən qərarı gözlənilən hesab etmək mümkündür”.

Dünya SAKİT,
“Yeni Müsavat”




Seçilən
20
1
musavat.com

10Mənbələr