Hikmət Babaoğlu: “Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqının qarşısında duran milli vəzifələrdən biridir”
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan da danışıb.
Dövlət başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda-1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır.
Prezident İlham Əliyev bildirib ki, bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.
“Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq”, - deyə dövlət başçısı əlavə edib.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Qərbi Azərbaycana qayıdış sülh layihəsidir, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunmasını ehtiva edir: “Qərbi Azərbaycana qayıdış həm də azərbaycan xalqının qarşısında duran milli vəzifələrdən biridir. Çünki zaman-zaman müxtəlif təzyiqlərə, təqiblərə məruz qalan xalqımız ona aid olan tarixi coğrafiyalardan müxtəlif yollarla çıxarılıb, etnik təmizləmə siyasətinin qurbanı olub, deportasiya olunaraq hüquqları tapdalanıb. Belə coğrafiyalardan ilki Qərbi Azərbaycandır. Qərbi azərbaycanlılar tarix boyu 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1950-ci və 1987-1991-ci illərdə tarixi yurdlarından bu və ya digər formada təqib olunaraq, təzyiqlərə məruz qoyularaq çıxarılıb. Məqsəd Azərbaycan ərazisində erməni dövləti qurmaq olub. Azərbaycan xalqının milli yaddaşı varislik əsasında formalaşıb. Bunun üçün biz ilk növbədə ailə institutumuza, daha sonra ictimai mühitimizə, maarif institutlarımıza borcluyuq çünki biz heç zaman bizə aid olan tarixi torpaqlarımızı unutmamışıq, bu gün də unutmuruq”.
H.Babaoğlu qeyd etdi ki, növbəti mərhələdə Qərbi Azərbaycana qayıdışla bağlı yeni mübarizə forması və metodları müəyyənləşdirilib. O, bunun beynəlxalq hüquqa, tarixi ədalətin bərpa olunmasına əsaslanan və qlobal hüquqi mexanizmləri olan mexanizm olduğunu vurğuladı: “Biz bunu ona görə qlobal hüquqi mexanizmləri olan mexanizm kimi səciyyələndiririk ki, beynəlxalq hüquqda hər bir insanın doğulma və yaşama hüququ onun təməl hüququ hesab olunur. Eyni zamanda "Ümumdünya İnsan Hüquqları haqqında" Bəyannamədə də insanların doğulduqları yerdə yaşamaq hüququ tanınır. Hazırda Azərbaycan Qərbi Azərbaycanın timsalında bu hüquqların bazasının daha da genişləndirilməsi uğrunda mübarizə aparır, BMT-nin müvafiq institutlarına, insan hüquqları üzrə ixtisaslaşmış digər beynəlxalq qurumlara müraciət edərək onların haqlarının və hüquqlarının bərpa olunmasını istəyir. Bu prosesə gənclərin cəlb edilməsi isə xüsusilə önəmlidir. Belə ki, gənclər hər bir xalqın fikir, mübarizə varisləridir. Azərbaycan Prezidenti İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası zamanı çıxışında bildirmişdi ki, tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Ölkə başçısı əlavə etmişdi ki, cəmiyyət, cəmiyyətdə hökm sürən ümumi ab-hava gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərdiyi üçün bu məsələ daim diqqət mərkəzində olmalıdır. Azərbaycan xalqı öz tarixi gerçəklikləri ilə bağlı daima gəncləri səfərbər etməyi, onları milli vətənpərvərlik ruhunda, milli yaddaş əsasında tərbiyə edə bilib, bu gün bu aktualdır. Mənə elə gəlir ki, bu gün Azərbaycanda ailə institutları, o cümlədən ictimai institutlar bu işlə məşğul olur. Hesab edirəm ki, Qərbi Azərbaycana ləyaqətli qayıdışın təmin olunmasında gənclərin mühüm rolu olacaq, çünki nəticə etibarilə gənclər gələcək mübarizəmizin davamçılarıdır. Bu yaxınlarda, dekabrın 4-5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ-Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. Konfransda 51 ölkənin nümayəndəsi iştirak edib. İnsan hüquqları üzrə ekspertlər qərbi azərbaycanlıların hüquqlarının pozulması ilə əlaqədar hüquqi mexanizmlərin səfərbər edilməsi məqsədilə fikir mübadiləsi apardılar. Beynəlxalq hüquqda qayıdışın mexanizmlərinin araşdırılması ilə bağlı müzakirələrin nəticəsinin olacağına, Qərbi Azərbaycana qayıdışla bağlı məqsədlərimizin reallaşacağına inanıram".
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less