AZ

Seriallarımızda ağsaqqallıq eləyənlər - Harada səhv edirik?

Kulis.az Mirmehdi Ağaoğlunun "Sənətin göstərmək və danışmaq funksiyaları barədə" yazısını təqdim edir.

Çox sadə bir həqiqət var: sənət danışmalı deyil, göstərməlidir.

Başqa yaradıcı sahələrdə bu qayda nə qədər işləkdir, deyə bilmərəm, amma ədəbiyyat sahəsində yüz faiz belədir. Bütün uğurlu yazıçıların yaradıcı proses haqqında kitablarını-fikirlərini oxusanız, görəcəksəniz, deyirlər: danışma, göstər.

Migel de Servantesdən Stiven Kinqə hamı bunu deyir. Güman ki, digər yaradıcı sahələrdə də,ələlxüsus kinoda da buna əməl edilir. Zənnimcə, kinoda da danışmaq yerinə göstərməyə üstünlük verilməlidir, çünki mahiyyəti göstərməkdir.

Son dövrlərdə çəkilmiş Azərbaycan seriallarında ortaq bir xüsusiyyət müşahidə etmişəm. Öyüd-nəsihət vermək canfəşanlığı. Elə bil hansısa gözəgörünməz bir qüvvə bütün (yaxşı, əksər) serial rejissorlarının qarşısına öhdəlik qoyub: mütləq didaktik ricətlərə getməlidirlər. “İmtahan” serialından “Vətəndaş A-ya” çoxunda belə görmüşəm.

Bu Dədə Qorqudçuluq öhdəliyi bütün obrazların çiyninə yük kimi qoyulub.

Görürsən, yaxşı bir süjet qurulub, hadisələr öz axarı ilə inkişaf edir. Bu vaxt hansısa qəhrəman işini-gücünü atıb, ağıllı məsləhət verməyə başlayır. Təəssüf ki, tamaşaçıların əksəriyyəti də bu bayağı fəndi "yeyir".

Mən demirəm sənət əsərində didaktik meyl olmamalıdır. Lakin bunu danışmaqla yox, personajların əməlləri ilə göstərəndə gözəl alınır, göstərməyəndə də alınmır. Çünki sənətin gücü göstərməkdədir, danışmaqda yox.

Yersiz didaktika bədii əsərin gücünü əmir.

Elə bil, avtomobil getdiyi yerdə qəfil motoru sönür.

Özü də bu dikaktikapərəstlik təkcə seriallara aid deyil, adicə stəndapları, KVN-in şoularını, "Komedixana"nın tamaşalarını yada salın (bilirəm, indi baxmırsız, nə vaxtsa bir səhv eləyib baxmısız) müəyyən, templə gəlirlər, elə ki, səhnənin ortasında ya axırında ağsaqqal-ağbirçək görkəmi alıb məsləhətə keçdilər, bütün perfomans ölür, hər şey tar-mar olur.

Ona görə belə şeylərdən qaçmaq məsləhətdir. Nəyi demək istəyirsənsə, çalışıb göstərmək lazımdır.

Məndən bu qədər. Çox danışmayım...

"Mirmehdi Ağaoğlu" teleqram kanalı

Seçilən
11
1
kulis.az

2Mənbələr