AZ

Hərbi xidmət barədə bu qanunlara da dəyişiklik edilib AÇIQLAMA

“Hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi müsbət dəyişiklikdir. Əvvəllər də yuxarı yaş həddi 30 yaş idi. Qarabağ məsələsi yarandıqdan sonra yuxarı yaş həddi 35 -ə qaldırılmışdı. 

Hazırda Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində çalışır. 

Çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli hərbi xidmət keçməmiş 18-30 yaş arası kişilər olacaq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib.

O bildirib ki, "Hərbi qullluqçuların statusu haqqında" qanuna, "Hərbi xidmət keçək haqqında" əsasnaməyə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara da bir sıra dəyişiklik edilib: 
“Diqqət çəkən əsas məsələlərdən biri də ali təhsil ocaqlarının bəzilərində qiyabi təhsilin olmamasıdır. Bu səbəbdən Azərbaycan Silahlı Qüvvələrinin peşəkar, bilikli hərbi qulluqçularla komplektləşdirilməsi üçün də qanuna müvafiq dəyişikliklər edilməsi təklif olunub. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanından rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər. 
Bundan əlavə dövlət vəsaiti hesabına Azərbaycan və xarici ölkələrdə ali təhsil almış zabitlərin bilikləri ilə AR Silahlı Qüvvələrinə töhfə verməsi üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında qanun"a dəyişiklik edilib. Əlavə təhsil müddəti 1 ili keçən kadrların öz arzusu ilə ehtiyata buraxılması üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyə bilər”. 

Onun sözlərinə görə qanunlara edilən dəyişikliklər olduqca əhəmiyyətlidir:

“Qanun layihəsində müddətdən artıq həqiqi hərbi xidmətin qulluqçuları üçün dinc dövrdə son yaş həddinin 45 yaşdan 48 yaşa qaldırılması da təklif olunur. Pensiya ilə əlaqədar minimum xidmət müddətinin artırılması ilə yanaşı, qulluq stajına görə əlavənin faizinin 50%-dən 65%-ə qaldırılması təklif edilib.
Qanunların 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Dəyişikliklər faktiki olaraq Azərbaycan Ordusunun müasir orduya çevrilməsi istiqamətində görülən işlərdir”. 


Əfsanə Kamal
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr