AZ

"Bir neçə saniyə içində insanın həyatına son qoya bilər" — Səssiz qatil "iş başında"

“Qış mövsümünün gəlişi ilə əlaqədar dəm qazından zəhərlənmə hallarının sayında artım müşahidə olunur. Buna səbəb insanların qızdırıcı cihaz və qurğulara tələbatının artması və artan tələbatla paralel təhlükəsizlik qaydalarına tam əməl edilməməsidir. Qızdırıcı cihazlar istifadə
olunarkən təhlükəsizlik qaydalarına riayət etmədikdə dəm qazı və ya təbii qaz sızması nəticəsində partlayış hadisələri baş verə bilir”. 


Bu fikirləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib. O qeyd edib ki, dəm qazının yaranması üçün qızdırıcı cihazda natamam yanma prosesi başlamalıdır: 

“Qızdırıcı cihazdaatamam yanma prosesi baş verdikdə dəm qazı ayrılır. Dəm qazı iysiz, rəngsiz olduğuna, spesifik xüsusiyyəti olmadığına görə onu müəyyənləşdirmək mümkün deyil. Yalnız qaz dedektorlarının quraşdırılması insanlara yardımçı ola bilər. Buna görə də mənzillərdə, obyektlərdə dəm qazı sızmasından vaxtında xəbərdar olmaq üçün qaz dedektorlarının quraşdırılması xüsusi əhəmiyyət kəsb edir. Yəqin ki ucqar kəndlərdə təhsil müəssisələrində hələ də soba tipli qızdırıcı cihazlardan istifadə olunur”. 

Ekspert bildirib ki, belə qızdırıcı cihazların istifadəsi zamanı tüstü bacalarının təmizlənməsinə xüsusi diqqət yetirilməlidir:

“İldə 2 dəfədən az olmayaraq hər mövsümdən öncə tüstü bacaları təmizlənməlidir. Təbii qaza xüsusi odorantlar əlavə olunduğuna görə, təbii qaz sızması varsa, çürümüş yumurta qoxusuna bənzər bir qoxu gəlir və insan bunu müəyyən edə bilir. Lakin dəm qazının spesifik bir qoxusu olmadığına görə insanın bundan xəbəri olmur. Dəm qazı bir neçə saniyə içində insanın həyatına son qoya bilər”.

Xatırladaq ki, bu gün səhər saatlarında Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta məktəbdə zəhərlənmə baş verib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumata görə, zəhərlənməyə qaz sobasından yaranan tüstü səbəb olub. Məktəbdən 60 nəfərdən çox şəxs xəstəxanaya təxliyə olunub. 

Törə Zeynallı
Demokrat.az
phrase_var_article.chosen
14
demokrat.az

1phrase_var_article.sources