Azərbaycanın Los Ancelesdə Baş Konsulluğunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, 200-yə yaxın soydaşımızın iştirak etdiyi tədbirin açılışında Azərbaycan və ABŞ-ın Dövlət himnləri ifa olunub, şəhidlərimizin ruhu bir dəqiqləlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixinə toxunaraq, bu əlamətdar tarixin Ümummilli Lider Heydər Əliyevlə bağlı olduğunu bildirib, Həmrəylik Gününün mahiyyətindən danışıb.
Ölkəmizin uğurlarından söz açan baş konsul Prezident İlham Əliyevin siyasi iradəsi, müdrik siyasəti və xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsi nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin bütün soydaşlarımız üçün qürur mənbəyi olduğunu deyib.
Tədbirdə milli musiqilər və rəqslər ifa edilib, qonaqlara milli mətbəximizdən təamlar təklif olunub. Həmçinin tədbirdə Kaliforniyada yaşayan Azərbaycan əsilli rəssamların əsərləri və iş adamlarının biznesləri barədə sərgi nümayiş etdirilib.