AZ

Qusarda media nümayəndələri ilə görüş keçirildi, təkliflər dinlənildi - FOTO

Qusar rayon icra hakimiyyətində növbəti görüş bölgədə fəaliyyət göstərən mətbuat nümayəndələri ilə olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, İcra başçısı Sahir Məmmədxanov Qusarda 5 aylıq iş fəaliyyətinin hesabatı ilə bu dəfə jurnalistlərin qarşısına çıxıb.

Jurnalistlərə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Vergi Xidmətində müşavir postundan Qusar rayon icra başçısı kimi məsul vəzifəyə irəli çəkilməsindən, Azərbaycan Prezidenti İlham Əliyevin ona göstərdiyi yüksək etimaddan danışan Sahir Məmmədxanov Qusarı və qusarlıları çox sevdiyini bildirib:
 

"Qusara təyinat alıb gələndə hamı məni təbrik edirdi. Zəng edənlərin 99 faizi də məni rayon camaatına görə təbrik edirdi. Mən bu 5 ay ərzində zəng edənlərin sözlərinin həqiqət olduğunu gördüm. Gördüm ki, qusarlılar həqiqətən Azərbaycanı sevən, dürüst və halal adamlardır".


İcra başçısı mətbuat nümayəndələrinə 5 ay ərzində gördüyü və bundan sonra görəcəyi işlərdən danışıb. Qeyd edib ki, insanları narahat edən problemlərin həlli istiqamətində mərkəzi icra hakimiyyətləri ilə danışıqlar aparılır. Səhiyyə, təhsil, enerji, kənd təsərrüfatı, sosial, ekologiya və digər layihələr üzrə işlər görülür, rayon camaatı da qarşıdakı aylarda bunların şahidi olacaq.

İcra başçısı Sahir Məmmədxanov vətəndaşların qəbulu ilə bağlı qurumda onlayn xidmətə keçildiyini də diqqətə çatdırıb: "Səhər işə gələndə görürdüm ki, icra hakimiyyəti binasının qarşısı adamlarla doludur. Soruşanda dedilər ki, kəndlərdən avtobus erkən saatlarda gəlir deyə, buradadırlar. Odur ki, sakinlərin rahatlığını təmin etmək üçün elektron sistemə keçdik.

İndi yerlərdəki 29 İnzibati Ərazi Dairəsinin 15-də texniki şərait yaradılıb, mən artıq sakinləri onlayn formatda dinləyirəm, digər ərazi dairələrində də bu sistem qurulacaq".

Görüşdə mətbuat işçiləri səmimi ünsiyyətə görə rayon rəhbərinə razılıq edərək, rayonla bağlı öz təkliflərini səsləndiriblər. İcra başçısı həmin təkliflərin iş prosesində nəzərə alınacağını vurğulayıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

phrase_var_article.chosen
13
bizim.media

1phrase_var_article.sources