AZ

Ruben Amorim Markus Raşforda üstüörtülü iradını bildirdi

Məlum olduğu kimi, “Mançester Yunayted”in ingilis cinah hücumçusu Markus Raşford “qırmızı şeytanlar”ın düşərgəsində çətin günlər yaşayır.

Arena.az xatırladır ki, mətbuatda, klubun hücumçunu qarşıdakı qış transfer pəncərəsində satışa çıxarmaq fikrində olduğu haqda məlumat yayılıb.

Daha əvvəl Raşford İngiltərə Premyer Liqasının “Mançester Siti” ilə 16-cı tur səfər oyununun (2:1) iştirak ərizəsinə salınmaması ilə bağlı məyusluğunu ifadə etmiş və satışa çıxarılacağı halda yeni çağırışa hazır olacağını iddialı şəkildə ortaya qoymuşdu.

“Mançester Yunayted”in baş məşqçisi, portuqal mütəxəssis Ruben Amorim Raşfordun bu sözləri müqabilində ingilis futbolçuya üstüörtülü iradını ünvanlayıb:

“Raşfordun sözləri? Yəqin ki, onun yerində olsaydım, mən məşqçimlə danışmağa daha üstünlük verərdim”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano Ruben Amorimdən sitat gətirir.

Əlavə edək ki, mətbuatda yayılmış xəbərlərə əsasən, “Mançester Yunayted” üst-üstə qalaqlanmış mənfi amilləri nəzərə alaraq Raşfordun satışında israrlıdır. Belə ki, Raşford meydanda qeyri-qənaətbəxş idman forması, meydandankənar qeyri-nümunəvi davranışı ilə diqqət çəkir. Həmçinin futbolçunun yüksək ödənişi meydanda özünü doğrultmaması baxımından klub rəhbərliyini qıcıqlandırır. Son vaxtlar Raşfordun oyun keyfiyyəti ilə yanaşı, səmərəsi və məhsuldarlığı da aşağı düşüb.

Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.

Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.

Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingilis sol cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
42
arena.az

1phrase_var_article.sources