AZ

“Yalançı dördlük” Azərbaycana çox ziyanlar vurmağa çalışır...

Image

Sahil Kərimli: “Bu nəşrlər - “yalançı dördlük” daha sıx şəkildə bir mərkəzdən idarə olunaraq dövlətimizə qarşı bu cür çirkin mövqe nümayiş etdirir”

Fransa başda olmaqla, Qərb ölkələrinin, eləcə də ABŞ-ın media resurslarının antiazərbaycan kampaniyası apardığı, ölkəmizlə bağlı dezinformasiyalar yaydığı, faktları təhrif edərək başqa istiqamətlərə yönəltdiyi məlumdur. 

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində açıq şəkildə bildirib ki, “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” - Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər.

Ölkə başçısı daha sonra bildirib: “Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq, - belə ki, bizim mehmanxana fondunda bu qədər yer yoxdur, - qonaqların yerləşdirilməsi məkanlarını müəyyən etmək lazım idi. Bunun üçün müxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş, amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxana normalarına uyğun vəziyyətə gətirilməli idi. Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb.

İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərb media orqanları bizi “petrostate” adlandırmağa başladı. Halbuki prinsipcə burada pis bir şey yoxdur. Mən açılışda çıxış edərək dedim ki, əgər bizi XIX əsrdə “petrostate” adlandırsaydılar, - o dövrdə biz dünya neftinin 50 faizini tədarük edirdik, - onda bu, normal olardı. Amma indi təqribən bizim 30-a qarşı milyard ton neft hasil edən ölkənin, - mən ABŞ-ı nəzərdə tuturam, - bugünkü feyk xəbərlərində bizi “petrostate” adlandırırlar.

Bizdə neft hasilatı cəmi 30 milyon civarındadır. Bu ölkənin qonşusu, - mən Kanadanı nəzərdə tuturdum, - bizdəkindən 10 dəfə artıq neft hasil edirsə və bizi “petrostate” adlandırırsa, bu ədalətsizlikdir. Amma bu feyk xəbərlər qrupu, - yeri gəlmişkən, bu, mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan əxz etmişəm və bu, mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və olduqca ünvanlıdır. Onları adlandırdığımız kimi, “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”. Bax, bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər.

Hər gün məqalələrin sayı yəqin ki, minimum 20-dən çox olurdu. Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu. Əlbəttə ki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə qlobal aktor deyilik”.

“Bu siyasət artıq iflasa uğrayıb və həmin “yalançı dördlüyün” ölkəmizə qarşı bu cür yaramaz addımları heç bir nəticə verməyib, bundan sonra da verməyəcək”

Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” qəzetlərinin Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasəti, sərgilədiyi qərəzli mövqe, əlbəttə, qəbuledilməzdir: “Bu nəşrlərin Azərbaycana qarşı qarayaxma kampaniyası aparması bu gün Azərbaycan cəmiyyətində hiddətlə qarşılanır və əlbəttə, bu mövqe qəbuledilməzdir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi son bəyanatlarda bu nəşrləri “yalançı dördlük” adlandırması da anlaşılandır, başadüşüləndir. Çünki Prezidentin vurğuladığı kimi, bu nəşrlər daim ölkəmizə qarşı yaramaz fəaliyyətləri ilə seçilirlər. Son dövrlərdə “yalançı dördlüyün” Azərbaycana qarşı tutduğu qərəzli mövqe daha da sürətlənib. Bu nəşrlər - “yalançı dördlük” daha sıx şəkildə bir mərkəzdən idarə olunaraq dövlətimizə qarşı bu cür çirkin mövqe nümayiş etdirir. Təbiidir ki, bu mövqenin bir çox səbəbləri var və əsas səbəblərdən biri odur ki, Azərbaycan dövləti, ümumiyyətlə, Azərbaycan Prezidenti daim müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdüb”.

S.Kərimli qeyd etdi ki, eyni zamanda  Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə də həmin dairələri ciddi narahat edir və onlar bu qələbəni həzm edə bilmirlər. “Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən və qəbul etmək istəməyən qüvvələr daim ölkəmizə qarşı bu cür haqsız və ədalətsiz mövqe nümayiş etdirirlər. Azərbaycanı ləkələmək, gözdən salmaq, Azərbaycanın uğurlarına kölgə salmaq kimi qəbuledilməz cəhdlər, təbiidir ki, heç bir zaman müsbət effekt verməyib. Bundan sonra da verməyəcək. Sual olunur ki, bu  “yalançı dördlük”-bu nəşrlər niyə öz fəaliyyət göstərdikləri ölkələrin yarıtmaz siyasətini, ümumiyyətlə, dünyanı qarışdırmaq, dünyada qanlı toqquşmalar kimi siyasi kursu qulaqardına vururlar, amma onların ofislərinin yerləşdiyi ərazilərdən yüz kilomtrlərlə uzaqda yerləşən Cənubi Qafqaza, xüsusən də Azərbaycana qarşı bu cür mövqe nümayiş etdirirlər? Niyə? Bunun cavabı məlumdur. Çünki həmin dairələrin məqsədi ölkəmizi nüfuzdan salmaq, ölkəmizə zərər verən kampaniya həyata keçirməkdən ibarətdir”.

S.Kərimli vurğuladı ki, “yalançı dördlük” antiazərbaycan siyasəti yürüdən vahid mərkəzdən idarə olunur. “Bununla da o mərkəzlər Azərbaycana təsir və təzyiq göstərmək məqsədi güdürlər. Amma bu siyasət artıq iflasa uğrayıb və həmin “yalançı dördlüyün” ölkəmizə qarşı bu cür yaramaz addımları heç bir nəticə verməyib, bundan sonra da verməyəcək”-deyə S.Kərimli qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
1
3
baki-xeber.com

5Mənbələr