AZ

"O, öz işinə “İran şpionajı” adlanan uydurma bir cinayət işi ilə başladı...”

“Həştərxanda olan zaman Bağırov İran təbəələri ilə ünsiyyətə girirmiş. İran təbəəsi, hazırda İranda yaşayan tacir Zeynalabdinin mənzilində qalırmış. Onun mənzilinə qumarbazlar yığışırmış, Bağırova da uduşun bir hissəsindən pay verirmişlər...”
 
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
 
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
"İstintaq materiallarından...
 
Şahid Xentov Pavel Vladimiroviç 
 
(Əvvəli burada: )
 
“Bağırovun adi adamların həbs edilməsinə necə laqeydliklə və soyuqqanlılıqla yanaşdığını sübut edən bir hadisəni də danışmaq istəyirəm: 
 
1942-43-cü illərdə şöbə müdiri Nikolay Xocayev mənə Bağırovun göstərişi ilə tutub saxlanılmış dustağı təhvil verdi. Həmin adamın familiyası indi yadımda deyil. Həmin adam ya Rostovun, ya da Taqanroqun partiya işçisi idi, Bakıdan keçib Orta Asiyaya yollanırdı. Azərbaycan KP MK-ya müraciətlə maddi yardım göstərilməsini xahiş etmək istəyirdi. Maşınla oradan keçən Bağırov həmin adamı MK-nın binası qarşısında görüb, nədənsə onu şübhəli adam hesab etdi və araşdırmadan onu həbs edib istintaq aparmaq barədə sərəncam verdi. Həmin adamı tutub, heç bir sanksiya və qərar olmadan, tamamilə əsassız olaraq iki gün ərzində nəzarət altında saxladılar... 
Səhv etmirəmsə, 1943-cü ildə “NKVD”-nin 2-ci xüsusi şöbəsinin fəaliyyətini yoxlamaq üçün SSRİ “NKVD”-sinin şöbə müdiri, SSRİ Ali Sovetinin deputatı çoxlu özbaşınalıq və pozuntu üzə çıxartdı. Həmin şöbənin işçisi Pyotr Karpen mənə danışdı ki, Yemelyanov və 2-ci xüsusi şöbənin müdiri Qriqori Lartsev Qusevə ləkə atmaq qərarına gəliblər. Qusev “İnturist” mehmanxanasında, qabaqçadan əməliyyat texnikası ilə təchiz olunmuş nömrədə yerləşdirildi. Orqan işçisi Belova öyrədilib onun yanına göndərildi. Qusevlə intim əlaqəsi zamanı gizlicə şəkli çəkildi. Qusev Moskvaya gedəndən sonra Belovanın onunla yaxınlığından bəhs edən məktubun surəti çıxarıldı. Nəticədə Qusev Bakıdan göndərilən ifşaedici materiallara əsasən orqanlardan xaric edildi... 
 
Mənə məlumdur ki, Bağırovun göstərişi ilə Yemelyanov respublikanın rəhbər işçilərinə ləkə atmaqla məşğul olur, bunun üçün onların otaqlarına xüsusi əməliyyat texnikası yerləşdirildi. Məsələn, mənə məlumdur ki, keşmiş MK katibləri Həsənov, Əlizadə, BK katibi Qindin və bir çox nazirlərə bu yolla nəzarət edilirdi...
 
Bakıda və Dağıstanda DİN orqanlarında işləmiş, hal-hazırda təqaüddə olan, Bakıda Myaskinov küçəsi, ev 4-də yaşayan Hüseyn Rzayev danışırdı ki, o, bir vaxtlar Bağırovla eyni alayda xidmət edirmiş. Həştərxanda olan zaman Bağırov İran təbəələri ilə ünsiyyətə girirmiş. İran təbəəsi, hazırda İranda yaşayan tacir Zeynalabdinin mənzilində qalırmış. Onun mənzilinə qumarbazlar yığışırmış, Bağırova da uduşun bir hissəsindən pay verirmişlər... O vaxtlar Bağırov alay komandiri Qəzənfərovun arvadı ilə gəzirmiş. Sonralar Qəzənfərov əleyhinə iş açır. Nəticədə Qəzənfərovu güllələdilər, arvadını isə Bağırov aldı... 
 
Bundan əlavə, Rzayev mənə danışırdı ki, Bağırov Azərbaycan KP MK-da öz otağında qospitalda müalicə olunan, bundan istifadə edərək bir günlüyə yaxın rayonlardan birinə qohumlarını görməyə gedən Sovet Ordusu zabitini şəxsən özü döyürmüş. Zabiti döyən zaman Yaqubov və şəhərin keçmiş komendantı Hüseynov da onun yanındaymış. 
 
Sual: DT naziri Ququçiyanın məhkəmə işlərini saxtalaşdırılması barədə sizə nə məlumdur? 
 
Cavab: 
 
1947-50-ci illərdə mən Dağıstan muxtar respublikasının DİN-də banditizmlə mübarizə şöbəsində baş əməliyyat müvəkkili işləyirdim. 1948-ci ildə Ququçiya Dağıstan DİN-nə nazir təyin olundu. Onun öz sözlərindən belə məlum olurdu ki, o, Beriya ilə çox yaxın münasibətdə imiş. Ququçiya Dağıstanda öz işinə “İran şpionajı” adlanan uydurma bir cinayət işi ilə başladı. Bu iş üzrə böyük bir qrup çəkmətəmizləyən həbs olundu. Onları döyüb, düşmənçilik fəaliyyəti barədə ifadə verməyə tələb edirdilər. Yadımdadır ki, axırda bu işə bir prokuror qarışdı və müəyyənləşdirdi ki, bu iş üzrə istintaq qeyri-qanuni üsullarla aparılıb. Bu işin nə ilə nəticələndiyindən xəbərim yoxdur... 
DİN-də işlədiyim zaman hələ 1951-ci ildə mən Yemelyanovun adına raport təqdim edərək, orada 1 şöbənin işində olan əyər-əskiklər, agentura üzrə işlərin yarıtmaz vəziyyətdə olamsı və digər ciddi məsələlərdən bəhs etmişdim. Lakin Yemelyanov məndən narazı olduğu üçün iş onunla nəticələndi ki, məni orqanlardan xaric etdilər. Mənim Yemelyanovdan Bağırova yazdığım şikayətlər Yemelyanovun özünə qayıdırdı...”
 
(Davamı var)
 
Təqdim etdi: 
Sultan Laçın
 
Seçilən
25
moderator.az

1Mənbələr