AZ

D8-ə qoşulmağımız yeni imkanlar açır - AKTUAL

Azərbaycanın təşkilata üzv qəbul edilməsi ölkənin beynəlxalq mövqeyini gücləndirəcək

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
XİN-dən verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır.
Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.
Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.

D8 təşkilatının Azərbaycanın üzv olması ilə D9-a çevrildiyini vurğulayan siyasi şərhçi Aqil Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, Misirin Qahirə şəhərində tarixi anın şahidliyini edirik: “Azərbaycanın 2022-ci ildə üzvlük üçün müraciət etdiyi D8 təşkilatı hazırda genişlənir. D8 ölkələri sırasına Azərbaycan rəsmən qoşulur və bununla ölkəmiz üçün yeni imkanlar açılır. 

Azərbaycanın Qahirədə keçirilən inkişaf etməkdə olan ölkələrin təşkilatı olan  D8 sammitində təşkilata üzv qəbul edilməsi ölkənin beynəlxalq mövqeyinin güclənməsi, iqtisadi inteqrasiya və regional təsirlər baxımından mühüm əhəmiyyətə malikdir. D8 təşkilatı 1997-ci ildə inkişaf etməkdə olan müsəlman ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb.  Bu ölkələr dünya əhalisinin 13 faizini və ya 1,1 milyard nəfərini təşkil edir. D8 ölkələri qlobal ÜDM-də 4 faizdən çox paya sahibdir. Bu ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 130 mlrd. dollardan artıqdır. Azərbaycanın D8-ə üzvlüyü bu böyük bazardan faydalanmaq üçün yeni imkanlar açır. Azərbaycanın təşkilata üzvlüyü həmçinin investisiyaların cəlb edilməsinə də şərait yarada bilər. Azərbaycanın D8-ə qoşulması Qafqaz regionunun geosiyasi və iqtisadi dinamikasına da təsir göstərəcək. Azərbaycanın D8-ə üzvlüyü üzvlər arasında ticarət dövriyyəsini artıracaq. Azərbaycanın D8 üzvlüyü eyni zamanda təşkilat üzvlərinin Qafqaz, MDB ölkələri arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək”.


Seçilən
11
sherg.az

1Mənbələr