AZ

ADA Universiteti özünün ilk doktorantura proqramını və Corc Vaşinqton Universiteti ilə birgə yeni magistr və doktorantura proqramlarını təqdim edib

ADA Universiteti özünün ilk doktorantura proqramını, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə yeni magistr və doktorantura proqramlarını təqdim edib.

Bu münasibətlə dekabrın 19-u baş tutan tədbirdə hər iki universitetin professor-müəllim-tələbə heyəti, yerli və xarici qonaqlar iştirak ediblər.

Tədbiri açan akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov yeni proqramların elanını ADA Universiteti tarixində əlamətdar hadisə kimi qiymətləndiriblər.

ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd ADA Universitetinin yeni təşəbbüslərinin gələcək elmi-pedaqoji heyətin hazırlanması məqsədi daşıdığını söyləyib. Bildirib ki, ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə əməkdaşlığı növbəti mərhələyə qədəm qoyur və daha geniş tələbə kütləsinin ehtiyaclarını ödəməyə yönlənmişdir.

Corc Vaşinqton Universitetinin professorları Can Korman, Tarek Əl-Qəzavi və Rebeka Ha iki universitet arasındakı uğurlu əməkdaşlığın tarixçəsindən bəhs ediblər. Onlar tədbir iştirakçılarına magistratura səviyyəsində təklif olunan ikili diplom proqramları barədə məlumat veriblər. Qonaqlar bildiriblər ki, imzalanacaq doktorantura təhsili razılaşması sayəsində əməkdaşlıq genişlənəcək və bu razılaşma tələbələrin elmi inkişafında əhəmiyyətli rol oynayacaq.

ADA Universitetinin rektoru Hafiz Paşayev yekun nitqində vurğulayıb ki, universitet yarandığı gündən elmi-pedaqoji heyətin gücləndirilməsi istiqamətində bir sıra işlər aparır. Bu məqsədlə ADA Universiteti mütəmadi olaraq xaricdə doktorantura təhsili alan azərbaycanlılarla yaxından işləyirvə elmə maraq göstərən gənclərin nüfuzlu universitetlərdə doktorantura təhsilini dəstəkləyir. Rektor bildirib ki, ADA Universitetində texniki və texnoloji sahədə doktorantura təhsilinin açılışı da məhz bu məqsədə xidmət edir. Bundan əlavə, o qeyd edib ki, Corc Vaşinqton və Turin Politexnik universitetlərində də bu sahələrdə doktorantura təhsili almaq imkanı azərbaycanlı gənclərə yeni akademik keyfiyyətlər qazandıracaq, onların ixtisaslaşmasını və beynəlxalq elmi şəbəkəyə qoşulmasını təmin edəcək. Bu, yalnız ADA Universitetinin deyil, bütövlükdə ölkəmizin inkişafına fayda verəcək.

Tədbirin əsas məqamlarından biri də ADA Universiteti və Corc Vaşinqton Universiteti arasında doktorantura təhsili üzrə tərəfdaşlıq müqaviləsinin imzalanması olub. Müqavilənin məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafına töhfə verəcək akademik kadrların yetişdirilməsidir. ADA Universitetinin doktorantura təhsili vasitəsilə yetişdirəcəyi müəllim və tədqiqatçılar beynəlxalq miqyasda ən müsbət təcrübələrə yiyələnəcəklər.

Qeyd edək ki, İnformasiya texnologiyaları və Kompüter elmləri üzrə doktorantura proqramına ilk qəbul 2025-ci ildən etibarən aparılacaq.

Bu gün təqdimatı keçirilən magistr proqramları vasitəsilə isə tələbələr iki il ərzində həm Bakıda, həm də Vaşinqtonda təhsil alaraq sonda iki diplom əldə edəcəklər.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
29
3
ikisahil.az

5Mənbələr